“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Əsas səhifəBeynəlxalq təşkilatlarda əlaqələr
Beynəlxalq təşkilatlarla əlaqələr

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) beynəlxalq həmkarlar ittifaqları hərəkatının fəal üzvü olaraq, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurmuş və bu əməkdaşlığı uğurla davam etdirir. ETİHİ-nin beynəlxalq fəaliyyəti təşkilatın nüfuzunun artmasına, eləcə də Azərbaycan təhsil işçilərinin hüquq və maraqlarının qlobal səviyyədə müdafiəsinə töhfə verir. ETİHİ-nin beynəlxalq platformalara inteqrasiyası 1992-ci ildən başlayır. Həmin ildə təşkilat Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə (MOП) üzv olub. Bu üzvlük sonrakı dövrdə digər mötəbər birliklərlə əməkdaşlıq üçün zəmin yaratmışdır. Birliyin əsas məqsədi üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək, elm və təhsil sahəsində çalışan işçilərin əmək və sosial hüquqlarını qorumaq, habelə keyfiyyətli təhsilin hər kəs üçün əlçatanlığını təşviq etməkdir. ETİHİ 2000-ci ildə Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Təhsil Birliyinə (Education International – EI), 2010-cu ildə isə onun Avropa üzrə regional qurumu olan Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinə (ETUCE) üzv olub. Hazırda 180 ölkədən 375 təşkilat və 33 milyon üzvü birləşdirən bu təşkilat, dünyanın müxtəlif regionlarından təhsil işçiləri həmkarlar ittifaqlarını bir araya gətirən ən böyük beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi təhsil işçilərinin hüquqlarını müdafiə etmək, dünya miqyasında keyfiyyətli, inklüziv və hər kəs üçün bərabər təhsil imkanlarının təmin olunmasını təşviq etməkdir.ETİHİ 2006-cı ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinə (UAESEB) üzv olub. Bu birlik 2006-cı ildə Türk Eğitim-Sen, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən təsis edilib. Birliyin məqsədi Avrasiya regionunda və Türk dünyasında təhsil işçilərinin hüquqlarını müdafiə etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq mədəni və tarixi dəyərləri qoruyaraq gələcək nəsillərə ötürməkdir. ETİHİ Respublika Komitəsinin sədri Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin İdarə Heyətinin üzvüdür. ETİHİ Respublika Komitəsi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif beynəlxalq tədbirlərin, seminar, simpozium və layihələrin həm iştirakçısı, həm də təşkilatçısı qismində çıxış edir. Beynəlxalq təşkilatlarda təmsilçilik ETİHİ-nin nüfuzunun artmasına, təhsil sahəsində əməkdaşlığın güclənməsinə və dünya həmkarlar ittifaqları hərəkatında fəal iştirakına şərait yaradır. Bu, eyni zamanda, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması, layiqli iş şəraitinin yaradılması, peşəkar inkişafı və sosial təminatı kimi fundamental prinsiplərin beynəlxalq səviyyədə dəstəklənməsinə və qabaqcıl təcrübələrin ölkəmizə tətbiqinə töhfə verir. Bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir.

img

Beynəlxalq Təhsil Birliyi

img

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi

img

Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi