“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Tariximiz

Azərbaycanda həmkarlar ittifaqı hərəkatı yüz ildən artıq bir tarixə sahibdir. Təhsil işçilərinin hüquqlarını müdafiə edən bu təşkilatlar zamanla müasir həmkarlar institutlarına çevrilib, ictimai həyatın fəal iştirakçısı olublar.

Azərbaycanda Həmkarlar Təşkilatlarının yaranması və inkişafı (1918–1920)

Azərbaycanda həmkarlar ittifaqlarının yaranması 1905-ci ilin oktyabrında Bakı şəhərində baş vermişdir.Həmin dövrdə konka fəhlə və qulluqçuları təşkilatlanaraq ilk həmkarlar ittifaqını qurublar.Eyni ilin noyabrında isə mətbəə işçiləri öz həmkarlar ittifaqını təsis ediblər.Həmçinin bu dövrdə kontor, şəhər təsərrüfatı, mədən və gəmiçiliyi sahələrində də müxtəlif kiçik həmkarlar ittifaqları fəaliyyət göstərirdi. 1905-ci ilin sonlarında Bakıda “İttifaqların İttifaqı Bürosu” yaradıldı.Bu təşəbbüs həmkarlar ittifaqlarının daha sistemli şəkildə təşkilatlanmasına mühüm təkan verdi.1906-cı il martın 4-də isə Çar hakimiyyəti tərəfindən “Ticarət və sənaye müəssisələrində şəxslər və ya bu müəssisələrin sahibləri üçün təsis edilmiş həmkarlar cəmiyyətləri haqqında müvəqqəti qayda” adlı qanun qəbul edildi.Bu qanun həmkarlar ittifaqlarına rəsmi nizamnamə ilə fəaliyyət göstərmək və müəssisə rəhbərliyi tərəfindən tanınmaq hüququ verdi. Sovet dövründə həmkarlar ittifaqları əsasən ideoloji alət kimi istifadə olunsa da, işçilərin sosial hüquqlarının qorunması sahəsində müəyyən funksiyalar yerinə yetirirdilər.Həmkarlar ittifaqları bu dövrdə sosial ədalətin təminində müəyyən rol oynamışdır. Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir.Bu hərəkat əvvəlcə Avropada, daha sonra Rusiyada formalaşmış və tədricən Azərbaycana yayılmışdır.Bu təşkilatlar yalnız işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi ilə kifayətlənməmiş, zamanla siyasi proseslərin də fəal iştirakçısına çevrilmiş, dövlət orqanları və işəgötürənlər qarşısında siyasi tələblər irəli sürmüşlər. Çar Rusiyası dövründə əsasən gizli şəkildə fəaliyyət göstərən və təzyiqlərlə üzləşən həmkarlar ittifaqları, yalnız 1918–1920-ci illərdə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq fəaliyyət göstərmək imkanı qazanmışdı.Cümhuriyyətin mövcud olduğu dövrdəki demokratik mühit bu təşkilatların formalaşması və inkişafı üçün əlverişli zəmin yaratmışdı. Lakin 1920-ci ildə Azərbaycanın Sovet imperiyasının tərkibinə daxil edilməsi həmkarlar ittifaqlarının müstəqil inkişafını məhdudlaşdırmış, onların fəaliyyəti mərkəzləşdirilmiş dövlət nəzarəti altına keçmişdir.

Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqının təşkilatlanma prosesi

1921-ci ilin yanvar ayında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı ilə İncəsənət İşçiləri Həmkarlar İttifaqı birləşdirilərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.Həmin ilin may ayından etibarən mətbuat işçiləri də bu ittifaqın tərkibinə daxil edilmişdir. 1922–1934-cü illər ərzində məktəblər, uşaq bağçaları, uşaq evləri, elmi-tədqiqat müəssisələri, ali məktəblər və siyasi maarif idarələrinin əməkdaşları da bu ittifaqın tərkibində birləşmişdir. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil həmkarlar ittifaqına bölünmüşdür.Həmin dövrdən etibarən təhsil və maarif sahəsində həmkarlar təşkilatlarının funksiyalarını aşağıdakı birliklər yerinə yetirmişdir: • Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, • İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, • Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, • Ali və Orta İxtisas Məktəbləri Həmkarlar İttifaqı. 1948-ci ildə bu strukturların yenidən birləşdirilməsi prosesi baş vermişdir.Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı və İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı birləşdirilərək daha mərkəzləşdirilmiş bir təşkilat yaradılmışdır.

Heydər Əliyevin rəhbərliyi dövründə Həmkarlar İttifaqlarının inkişafı və yeni dövrə keçid (1970–1990)

Ötən əsrin 1970–1980-ci illərində Ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti baxımından yadda qalan bir mərhələ olmuşdur.Bu dövrdə, cəmiyyət həyatının digər mühüm sahələri kimi həmkarlar ittifaqları da dövlətin diqqət mərkəzində olmuş, onların inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir.Həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası məhz həmin illərdə, Heydər Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində qoyulmuşdur. 1980-ci illərin sonlarında Sovet imperiyasında baş verən siyasi dəyişikliklər və müstəqillik meylləri Azərbaycandakı həmkarlar ittifaqlarına da təsir etmişdir.Bu dövrdə Həmkarlar İttifaqının Respublika Komitəsi fəaliyyət imkanlarını tədricən itirmiş, təhsil işçilərinin sosial-iqtisadi problemlərinin həllində rolu zəifləməyə başlamışdır. 1990-cı ilin sentyabrında keçirilmiş I qurultay zamanı qəbul edilmiş yeni nizamnamə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan, müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyini rəsmən təsdiqləmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) və Elm və Təhsil Nazirliyi (ETN) ilə bağlanan kollektiv sazişin tarixçəsi

ETİHİ ilə ETN arasında bağlanmış kollektiv sazişlərin əsası sosial tərəfdaşlıq prinsiplərinə söykənir.Bu sazişlər təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi, onların əmək şəraitinin yaxşılaşdırılması və sosial dialoqun inkişafı məqsədilə bağlanmışdır. İlk kollektiv saziş 1990–2000-ci illəri əhatə edir.Azərbaycan müstəqillik qazandıqdan sonra kollektiv sazişlər sosial tərəfdaşlıq formasında inkişaf etmiş və ETİHİ ilə ETN arasında əməkdaşlıq daha da rəsmiləşmişdir.Əvvəlki sazişlərdə, əsasən əmək şəraiti, müəllimlərin hüquqları, sosial təminat, istirahət və sanatoriya müalicəsi, gənc mütəxəssislərin dəstəklənməsi kimi məsələlər yer almışdır. Zaman keçdikcə kollektiv sazişlərin məzmunu daha da genişlənmişdir.Təhsil işçilərinin peşəkar inkişafı, əməkhaqqı və diaqnostik qiymətləndirmə nəticələrinin nəzərə alınması kimi yeni hüquqi və peşəkar müddəalar əlavə olunmuşdur. Ən son bağlanmış kollektiv sazişdə isə aşağıdakı məsələlər əks olunmuşdur: • Təhsil işçilərinin rifah halının yaxşılaşdırılması • Sosial müdafiənin gücləndirilməsi • İş yerində təhlükəsizlik və sağlamlıq • Qadınların və gənclərin hüquqlarının qorunması • Peşəkar inkişaf və ixtisaslaşma tədbirləri İndiyədək ETİHİ və ETN arasında ümumilikdə 9 kollektiv saziş imzalanmış və hər biri 3 ildən bir yenilənmişdir.