Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və gənclər siyasəti
Müstəqil Azərbaycanda gənclər siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə gənclərin inkişafına, cəmiyyətin fəal üzvünə çevrilməsinə, sosial rifahına və təhsildə irəliləyişinə geniş imkanlar yaradılmışdır. Bu strateji xətt bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir
Hazırda dövlət siyasətində gənclərin elm, təhsil, dövlət idarəçiliyi və ictimai fəaliyyətlərdə iştirakına, təşəbbüslərinin dəstəklənməsinə və rifahının təmin olunmasına geniş yer verilir. “Azərbaycan Gəncliyi 2021–2025” Dövlət Proqramı çərçivəsində gənclərin intellektual, yaradıcı və sosial potensialının inkişafı istiqamətində çoxsaylı təşəbbüslər həyata keçirilir.
Bu istiqamət Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) fəaliyyətində də mühüm yer tutur. ETİHİ gənc təhsil işçilərinin hüquqlarının müdafiəsi, peşəkar inkişafı və sosial rifahı üçün həm sistemli yanaşma, həm də praktiki dəstək mexanizmləri formalaşdırıb.
ETİHİ-nin gənclər siyasəti üzrə prioritet istiqamətləri
ETİHİ-nin gənclərlə iş sahəsində fəaliyyəti yalnız iştirakçılıqla kifayətlənmir. Təşkilat gənc müəllimlərin və pedaqoji kadrların təşəbbüslərinə dəstək verir, onların sosial və hüquqi müdafiəsini təmin edir və peşəkar inkişafını təşviq edir. Gənclərin həmkarlar ittifaqı həyatına fəal inteqrasiyası üçün ETİHİ tərəfindən aşağıdakı istiqamətlərdə prioritet fəaliyyətlər həyata keçirilir:
ETİHİ-nin gənclər siyasəti üzrə prioritet istiqamətləri
- Gənc müəllimlərin innovativ potensialının aşkarlanması və bu potensialın təhsildə tətbiqi
- Regionlarda çalışan gənc pedaqoqlar üçün stimullaşdırıcı və sosial dəstək tədbirlərinin təşkili
- Peşəkar inkişaf və karyera yüksəlişinə yönəlmiş treninqlər,təlimlər və seminarlar
- Milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə işlərinə dəstək
- Tələbə və gənc müəllimlərin həmkarlar ittifaqı strukturlarında təmsilçiliyinin artırılması
- Könüllülük fəaliyyətlərinin genişləndirilməsi və sosial layihələrə cəlb olunma
- Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər
- Beynəlxalq proqramlarda iştirak və layihə əsaslı təşəbbüslərə dəstək
- Tələbə Həmkarlar İttifaqı Komitələrinin təşəbbüslərinə institusional dəstək
- Peşə təhsili və ixtisasartırma sahəsində gənclərin iştirakının artırılması
ETİHİ-nin bu fəaliyyəti Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Qanununa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının strategiyasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (xüsusilə məqsəd 4 – keyfiyyətli təhsil və məqsəd 8 – layiqli əmək) tam uyğundur.
Statistika və gələcəyə baxış
Hazırda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının 16–35 yaş aralığında 156.784 nəfər (39%) gənc üzvü vardır. Bu rəqəm təşkilatın nə qədər geniş və təsirli bir gənclər platformasına sahib olduğunu göstərir. ETİHİ inanır ki, təhsil sahəsində çalışan gənclərin hüquq və maraqlarının müdafiəsi, onların bilik və bacarıqlarının dəstəklənməsi gələcəyin keyfiyyətli və davamlı təhsil sisteminin əsasını təşkil edir. Bu səbəbdən gənclərə göstərilən hər bir dəstək yalnız bu günə deyil, sabaha yönəlmiş strateji sərmayə kimi dəyərləndirilir.