Xəbərlər
ETİHİ-nin 4 üzv təşkilatı “Layiqli əmək, güclü gənclik – dayanıqlı gələcək” tədbirində mükafatlandırılıb

ETİHİ-nin 4 üzv təşkilatı “Layiqli əmək, güclü gənclik – dayanıqlı gələcək” tədbirində mükafatlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək, güclü gənclik – dayanıqlı gələcək” mövzusunda tədbir keçirilib.
Tədbirdə əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, gənclərin əmək bazarına hazırlanması və müasir əmək dünyasının çağırışları barədə çıxışlar dinlənilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) sədri Araz Paşayev də iştirak edib.
Çıxışlardan sonra əmək və sosial-iqtisadi hüquqların qorunmasında fəallığı ilə seçilən AHİK-in üzv təşkilatlarının nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
ETİHİ-nin üzv təşkilatları olan Göyçay Rayon Komitəsi, Şəki Şəhər Komitəsi, Xaçmaz Rayon Komitəsi və Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi də mükafatlandırılan təşkilatlar sırasında yer alıb.
Tədbir bədii hissə ilə davam edib.
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günüdür

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günüdür
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günüdür.
Əməyi ilə cəmiyyətə töhfə verən hər kəsi təbrik edir, onlara sağlamlıq, sosial rifah, təhlükəsiz iş şəraiti və uğurlar arzulayırıq.
AzTU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin müdiri Elnur Sadıqov çıxış edərək müəllimlərin cəmiyyətin inkişafında və gənc nəslin yetişdirilməsində xüsusi xidmətlərindən danışıb. O, müəllim əməyinin daim yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb və tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
Tədbirin əsas hissələrindən biri universitetin ictimai və mədəni həyatında fəal iştirak edən 21 müəllimin fəxri fərmanla təltif olunması olub. Təltif olunan müəllimlərin universitet həyatına verdikləri töhfələr, fəallıqları və müxtəlif təşəbbüslərdə iştirakları xüsusi qeyd edilib. Fəxri fərmanlarla təltif olunan müəllimlərin fəaliyyəti, həmçinin universitetdə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) təşviqinə və həyata keçirilməsinə verdikləri töhfələr baxımından da əhəmiyyət daşıyır.
Tədbirin ən maraqlı və yaddaqalan məqamlarından biri görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsəri “O olmasın, bu olsun” komediyasının müəllim və tələbələr tərəfindən səhnələşdirilməsi olub. Müəllimlər bu dəfə auditoriyada deyil, səhnədə öz istedad və yaradıcılıqlarını nümayiş etdirərək tamaşaçılara xoş ovqat bəxş ediblər. Peşəkar və səmimi ifalar, obrazların canlı təqdimatı, yumor və milli koloritlə zəngin səhnələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşa universitetin professor-müəllim heyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Fərqlənən təhsil işçiləri mükafatlandırılıb

Fərqlənən təhsil işçiləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, müəllimlik peşəsinin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rolunu vurğulayıb.
Çıxışlarda müəllimlərin şagirdlərin dünyagörüşünün və fərdi inkişafının formalaşmasında, onların gələcək həyata hazırlanmasında mühüm rol oynadığı qeyd edilib, təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzulanıb.
Tədbirdə təltif olunan təhsil işçilərinə müvafiq mükafatlar təqdim edilib. Onlar göstərilən diqqət və etimada görə təşəkkürlərini bildiriblər.
ADPU-da Müəllimlər Günü qeyd olundu

ADPU-da Müəllimlər Günü qeyd olundu
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADPU-nun professor-müəllim heyəti, əməkdaşları, tələbələri, məzunları və qonaqlar iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin açılışında ADPU-nun Xor kollektivinin ifasında universitetin müəllimi olmuş görkəmli bəstəkar Nailə Mirməmmədlinin “Müəllim” əsəri təqdim olunub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov professor-müəllim heyətini, tələbələri və iştirakçıları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. O, müəllimliyin yalnız bilik ötürmək deyil, insanın düşüncəsinə və dünyagörüşünə təsir edən, cəmiyyətin inkişafına töhfə verən məsuliyyətli peşə olduğunu vurğulayıb. Müasir dövrdə rəqəmsallaşma və süni intellektin müəllim qarşısında yeni tələblər yaratdığını qeyd edən rektor daim yenilənməyin vacibliyini diqqətə çatdırıb.
ADPU-nun 105 illik tarixindən danışan prof. C.Cəfərov universitetin müəllim hazırlığında mühüm rolunu qeyd edib. O, yüksək nəticə göstərən gənclərin müəllimlik peşəsinə marağının artdığını bildirərək məktəblərlə əməkdaşlığın genişləndirilməsi, pedaqoji təcrübənin gücləndirilməsi və elmi tədqiqatların məktəbin ehtiyaclarına uyğunlaşdırılmasını əsas prioritetlər kimi göstərib.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, ADPU-nun Tarix fakültəsinin 2004-cü il məzunu Araz Paşayev müəllimlik peşəsinin cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb, müəllimlərin gələcək nəslin formalaşmasında böyük məsuliyyət daşıdığını vurğulayıb. O bildirib ki, müəllim yalnız bilik verən deyil, eyni zamanda gənclərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və həyata baxışının formalaşmasına təsir göstərən şəxsdir.
Müəllim əməyinin nəticəsinin illər sonra özünü göstərdiyini qeyd edən Araz Paşayev bu peşənin böyük məsuliyyət və fədakarlıq tələb etdiyini vurğulayıb.
ADPU-nun məzunu kimi universitetlə bağlı xatirələrini bölüşərək tələbəlik illərinin onun həyatında mühüm iz buraxdığını bildirib. O, doğma universitetdə, müəllim yetişdirən bu ali təhsil ocağında Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Tədbirin sonunda müxtəlif illərdə universitetin ayrı-ayrı fakültələrindən məzun olmuş əməkdaşlar səhnəyə dəvət edilib, tələbəlik illəri, müəllimləri və doğma universitetlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
ETİHİ Respublika Komitəsi müəllimlərin peşə bayramı münasibətilə rayon və şəhərlərdə tədbirlər keçirib

ETİHİ Respublika Komitəsi müəllimlərin peşə bayramı münasibətilə rayon və şəhərlərdə tədbirlər keçirib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində təhsil işçilərinin peşə bayramına həsr olunan silsilə tədbirlər keçirilib.
Sentyabrın 28-dən etibarən şəhər və rayonlarla yanaşı, ucqar yaşayış məntəqələrini də əhatə edən tədbirlərdə Milli Məclisin deputatları Müşfiq Məmmədli, Şahin Seyidzadə və Məşhur Məmmədov, ETİHİ Respublika Komitəsinin məsul əməkdaşları, yerli həmkarlar ittifaqı komitələrinin nümayəndələri, regional təhsil idarələrinin rəhbərləri, təhsil sektorlarının müdirləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Silsilə tədbirlər çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərlə də görüşlər təşkil olunub. Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev və həmin ərazilərdə fəaliyyət göstərən rayon komitələrinin sədrləri iştirak edib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ETİHİ Respublika Komitəsi rəhbərliyinin təbrik və xoş arzularını təhsil işçilərinə çatdırıblar. Böyük Qayıdışla doğma yurdlarımızda həyatın yenidən canlanması, yeni məktəblərin fəaliyyətə başlaması, azad torpaqlarda təhsilin inkişafı xüsusi vurğulanıb. Müəllimlərin tədris prosesinin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və yeni təhsil mühitinin formalaşdırılması istiqamətində əməyi yüksək qiymətləndirilib.
Tədbirlərdə çıxış edən qonaqlar Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onların ölkənin gələcək inkişafında, savadlı və vətənpərvər nəslin yetişdirilməsində mühüm rolunu vurğulayıb, pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayıblar.
Görüşlər zamanı müəllimlərin gündəlik fəaliyyəti, onları maraqlandıran məsələlər və təhsil işçilərinin sosial rifahının daha da yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda ETİHİ Respublika Komitəsinin ittifaq üzvlərinin əmək və sosial hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahət və müalicəsinin təşkili istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.
Respublikanın müxtəlif rayon və şəhərlərini əhatə edən silsilə tədbirlər müəllim əməyinə göstərilən yüksək ehtiramın, təhsil işçilərinə diqqət və qayğının ifadəsi kimi yadda qalıb.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü
Müəllim – bir ömrü gələcək nəsillərin yetişməsinə həsr edən, biliyi və zəhməti ilə cəmiyyətin inkişafına töhfə verən müqəddəs peşə sahibidir.
Ölkəmizin bütün təhsil işçilərini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq.
Bayramınız mübarək, əziz müəllimlər!
Xəzər rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Xəzər rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 2-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan “Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib.
Mərdəkan qəsəbəsində təşkil olunan tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, ETİHİ Xəzər Rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, həmçinin rayonun təhsil işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsil işçilərini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. O, müəllimlərin gənc nəslin bilikli, savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsində mühüm rolunu vurğulayıb, onların cəmiyyətin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
ETİHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova müəllimləri peşə bayramı münasibətilə təbrik edərək təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsinin həmkarlar ittifaqının fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu bildirib. Sədr müavini ittifaq üzvlərinin sosial rifahının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov və S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev çıxışlarında müəllim əməyinin cəmiyyətin inkişafında, sağlam və savadlı nəslin formalaşmasında, ölkənin gələcəyinin qurulmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Natiqlər təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisinə Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və ETİHİ Xəzər Rayon Komitəsinin fəxri fərman və təşəkkürnamələri təqdim olunub.
Tədbir bədii proqramla davam edib.
"Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib

"Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı ilə “Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib. Tədbirdə məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi və müasir pedaqoji yanaşmaların tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Konfransda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə iştirak edib. Çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin əhəmiyyətini vurğulayan Mirzə Cəfərzadə onların peşəkar inkişafının dəstəklənməsi, əmək şəraitinin yaxşılaşdırılması və sosial rifahının diqqətdə saxlanılmasının təhsilin keyfiyyətinə mühüm töhfə verdiyini bildirib.
Konfrans çərçivəsində keçirilən panel müzakirələrində uşaqların məktəbə hazırlığı, fərdi potensialının üzə çıxarılması, davranış xüsusiyyətləri, media savadlılığı və inklüziv təhsil mühitinin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı təhsil işçilərinin peşəkar inkişafına, əmək hüquqlarının və sosial maraqlarının qorunmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təşəbbüslərə bundan sonra da dəstəyini davam etdirəcək.
Beynəlxalq Ahıllar Günü münasibətilə təqaüddə olan müəllimlərlə görüşlər keçirilib

Beynəlxalq Ahıllar Günü münasibətilə təqaüddə olan müəllimlərlə görüşlər keçirilib
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul əməkdaşları Tovuz, Qazax, Ağstafa, Göyçay, Pirallahı və Nəsimi rayonlarında, eləcə də Şəki şəhərində təqaüddə olan müəllimlərlə görüşlər keçiriblər.
Görüşlər zamanı ömrünün böyük hissəsini təhsilin inkişafına, uşaqların və gənclərin yetişdirilməsinə həsr etmiş müəllimlərin çoxillik əməyindən bəhs olunub, onların təhsil sahəsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Təqaüddə olan müəllimlər Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edilib, onlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulanıb.
Qeyd olunub ki, təhsilin inkişafına xidmət göstərən ahıl müəllimlərin illər ərzində formalaşdırdığı zəngin təcrübə, pedaqoji ənənələr və mənəvi irs bu gün də gənc nəslin yetişdirilməsində mühüm əhəmiyyət daşıyır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ömrünü təhsilə həsr etmiş təqaüdçü müəllim və təhsil işçilərinə diqqət və qayğının göstərilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi davam etdirir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların əməkdaşları Zəfər parkını ziyarət ediblər.
Vətənimizin müdafiəsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri qoyulub.
ETİHİ rəhbərliyi Masallıda həmkarlar ittifaqı üzvləri və ilk təşkilat sədrləri ilə görüşüb
ETİHİ rəhbərliyi Masallıda həmkarlar ittifaqı üzvləri və ilk təşkilat sədrləri ilə görüşüb
Sentyabrın 25-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi ilə Lənkəran–Astara Regional Təhsil İdarəsinin xidmətində olan təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri, ilk təşkilat və rayon komitələrinin sədrləri arasında görüş keçirilib.
Görüşdə 500-ə yaxın həmkarlar ittifaqı üzvü və ilk təşkilat sədrləri iştirak edib. Tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, rayon komitələrinin sədrləri və Respublika Komitəsinin məsul əməkdaşları qatılıblar.
Tədbiri ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə açıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev təqdimatla çıxış edib. Görüşdə görülən işlər, qarşıdakı hədəflər və həmkarlar ittifaqı üzvlərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin kollektiv müqavilə və sazişlərlə iş sektorunun müdiri Şahxanım Həsənova çıxış edib.
Açıq müzakirə şəraitində keçən görüşdə iştirakçıların çıxışları dinlənilib, sualları cavablandırılıb və təklifləri müzakirə olunub.
Tədbirdə AHİK-in fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
İlk təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi və üzvləri maraqlandıran məsələlərin birgə müzakirəsi məqsədilə digər şəhər və rayonlarda da görüşlər davam etdiriləcək.



