Gender bərabərliyi insan hüquqları ilə sıx bağlı olan və cəmiyyətin bütün sahələrində – ictimai və şəxsi həyatda – qadınlar və kişilər üçün bərabər imkanların və iştirak hüquqlarının təmin olunmasını nəzərdə tutur. XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Gender anlayışının formalaşmasında qadın hərəkatlarının rolu xüsusilə önə çıxır. Gender termini müxtəlif kontekstlərdə fərqli təriflərlə izah olunur, lakin ümumi mənada cinslərarası sosial münasibətləriifadə edir. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.
Azərbaycan Respublikasında gender bərabərliyinin hüquqi əsasları:
Gender bərabərliyinin təmin olunması məqsədilə Azərbaycanda bir sıra beynəlxalq sənədlərə qoşulunub və milli qanunvericilik aktları qəbul edilib.
1992-ci ildə Azərbaycan “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya,
1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub.
Həmin il qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında kişi və qadınların bərabər hüquqlara malik olması təsbit olunub.
Gender bərabərliyi ilə bağlı əsas sənədlərdən biri də “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanundur. Bu qanun:
Hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanların təmin olunması.
Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə və seksual qısnamaya yol verilməməsi.
Əmək və təhsil sahəsində gender bərabərliyinin qorunması,
Dövlət və işəgötürənin bu istiqamətdə vəzifələri,
Zərərin ödənilməsi və məsuliyyət mexanizmləri,
Gender bərabərliyinə nəzarət mexanizmləri və hesabatlılıq məsələlərini tənzimləyir.
Həmçinin, bu qanuna əsasən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları kişi və qadınlar üçün bərabər şərtlərlə açıq olmalı və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
“Həmkarlar ittifaqları haqqında” Qanun da bu prinsipi təsdiqləyir və gender bərabərliyinin təminatını tələb edir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) da fəaliyyətində könüllülük, bərabərlik və şəffaflıq prinsiplərinə əsaslanır. Təşkilat, üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunması ilə yanaşı, gender bərabərliyinin təşviqinə də xüsusi önəm verir. Qanunun 13-cü maddəsində qeyd olunduğu kimi, təhsil hüquqlarının həyata keçirilməsində kişi və qadınlar üçün bərabər imkanların yaradılması əsas məqsədlərdəndir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təhsillə bağlı olan 4-cü məqsədi də 2030-cu ilə qədər hər kəsin keyfiyyətli və əlçatan təhsil almasının təmin edilməsi ilə uzlaşır. Çünki təhsildə bərabərlik gender bərabərsizliyinin aradan qaldırılması üçün əsas faktorlardan biridir. Azərbaycanda təhsil sahəsində çalışan işçilərin 80%-dən çoxunu qadınlar təşkil etdiyi halda təhsilin idarə olunmasında, o cümlədən rəhbər vəzifələrdə bu yüksək göstərici saxlanılmır. Ümumi təhsil müəssisələrindən fərqli olaraq ali təhsil müəssisələrində rəhbər vəzifələrdə professor –müəllim heyətində qadınlar qismən üstünlük təşkil etsə də rektor, prorektor (filial direktorları), fakültə dekanlar, kafedra müdirləri əsasən kişilərdir. Cəmiyyətin gender bərabərliyi ideyaları ilə maarifləndirilməsi məqsədilə ali təhsil müəssisələrində bu mövzuda kurikulumlar tətbiq olunur. Məsələn: Bakı Dövlət Universiteti və Azərbaycan Universitetində “Genderə giriş” fənni tədris edilir. Bu fənnin məqsədi tələbələri gender anlayışı və genderologiya elmi ilə tanış etməkdir.
ETİHİ və gender bərabərliyi: Bərabər hüquqlar, bərabər imkanlar
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) ölkənin sosial-iqtisadi və təhsil sistemində çalışanların hüquqlarının müdafiəsi ilə yanaşı, cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına da xüsusi diqqət yetirir. Həmkarlar ittifaqları üçün qadın və kişi əməkdaşların bərabər hüquq və imkanlara malik olması əsas prinsiplərdəndir. Elm və Təhsil İşçiləri Həmkarlar İ ttifaqında Gender Siyasəti: 2024-cü ilə dair göstəricilər
Aparat üzrə gender balansı
70 Nəfər
Ümumi aparat işçiləri
53%
Qadınlar
47%
Kişilər
Üzv təşkilatlarda gender göstəriciləri
147 təşkilat
Üzv təşkilatların sayı
400,000-ə yaxın
Üzvlərin ümumi sayı
73%
Qadın üzvlərin sayı
27%
Kişi üzvlərin sayı
36%
Qadın təşkilat rəhbərlərinin sayı
ETİHİ təhsil sektorunda qadın və kişilərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün kollektiv müqavilələrdə və daxili normativ sənədlərdə gender bərabərliyinə dair müddəaların əks olunmasına çalışır. Həmkarlar ittifaqı strukturlarında ayrı-seçkiliyin qarşısını almağa, qadınların qərarvermə proseslərində iştirakını genişləndirməyə və iş şəraitində gender balansını qorumağa və bu istiqamətdə tədbirlər görməyə davam edir.