Xəbərlər
Voleybol Yarışı Təşkil Olundu!
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol yarışı keçirilib.
Tədbirin əsas məqsədi müəllimlər arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadə olunması olub.
Yarış müəllimlərin idman və komanda bacarıqlarını nümayiş etdirdiyi, pozitiv enerji və qarşılıqlı hörmət ruhunda keçən bir tədbir kimi yadda qalıb. Turnir boyunca iştirakçılar yüksək əhval-ruhiyyə, komanda ruhu və sağlam rəqabət şəraitində çıxış ediblər. Nümayiş etdirilən peşəkarlıq, dostluq ab-havası və səmimi münasibətlər müəllimlər arasında həmrəyliyin və əməkdaşlığın gözəl nümunəsinə çevrilib.
Yarışın yekun nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:
🥇 I yer – Xırdalan şəhər 10 nömrəli tam orta məktəb
🥈 II yer – Aşağı Güzdək tam orta ümumtəhsil məktəbi
🥉 III yer – Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbi
Qalib komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi bütün iştirakçılara fəallıqlarına və nümunəvi çıxışlarına görə təşəkkür edir, qalib komandaları isə səmimi-qəlbdən təbrik edir.
Bu cür tədbirlər müəllimlər arasında sağlam və aktiv həyat tərzinin təşviqinə, həmkarlar birliyinin möhkəmləndirilməsinə və Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin nümayişinə xidmət edir.



