Xəbərlər
1 nömrəli körpələr evi-uşaq bağçasında “Hüquqlarım – xoşbəxt gələcəyim” adlı tədbir keçirilib

Uşaq hüquqlarının qorunması, uşaqların hüquqi maarifləndirilməsi və onların cəmiyyətin fəal üzvləri kimi formalaşmasının təşviqi məqsədilə Qəbələ şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, bağçanın pedaqoji kollektivi və balaca fidanlar iştirak ediblər.
Çıxışlarda uşaqların hüquqlarının qorunmasının, onların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin, təhsil və tərbiyə ilə əhatə olunmasının vacibliyi vurğulanıb. Hər bir uşağın sevgi, diqqət və qayğı ilə əhatə olunmasının cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilib.
Tədbir balaca fidanların hazırladıqları rəngarəng çıxışlarla davam edib. Körpələrin ifasında uşaq hüquqlarına, dostluğa, vətənə və xoşbəxt uşaqlığa həsr olunmuş şeirlər, mahnılar və bədii kompozisiyalar təqdim olunub. Balacaların səmimi və maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb.
Uşaqların hüquqlarının qorunması, onların xoşbəxt və firavan gələcəyinin təmin olunması hər birimizin üzərinə düşən mühüm vəzifədir.











