“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

1 İyun münasibətilə bayram tədbiri keçirildi

01/06/2026, 22:46
xeber1

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xırdalan şəhəri 11 nömrəli tam orta məktəbdə bayram tədbiri təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra çıxış edənlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün mahiyyəti, uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin vacibliyi barədə fikirlərini bölüşüblər. Bildirilib ki, uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və vətənpərvər ruhda yetişməsi cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdəndir.


Tədbirdə ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov iştirak edərək uşaqları bayram münasibətilə təbrik edib. O, çıxışında uşaqların ölkəmizin gələcəyi olduğunu vurğulayaraq onların hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini qeyd edib, təhsildə və ictimai həyatda uğurlar arzulayıb.


Bayram proqramı çərçivəsində şagirdlər tərəfindən hazırlanmış rəngarəng ədəbi-bədii kompozisiya təqdim olunub. Uşaqların ifasında şeirlər səsləndirilib, mahnılar oxunub, milli və müasir rəqs nümunələri nümayiş etdirilib, maraqlı səhnəciklər təqdim olunub. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.


Tədbirin yaddaqalan məqamlarından biri də uşaqlara xüsusi hədiyyələrin təqdim olunması olub. ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib. Bu diqqət və qayğı uşaqların sevincinə səbəb olub, bayram əhval-ruhiyyəsini daha da yüksəldib.


Sonda tədbir iştirakçıları uşaqların bayramını bir daha təbrik edərək onlara sağlam, firavan və xoşbəxt gələcək arzulayıblar. Xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatan tədbir iştirakçılarda xoş təəssüratlar yaradıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: