Xəbərlər
12 Noyabr-Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib.

11 noyabr 2026-cı il tarixində Salyan şəhəri Aşıq Pənah adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb- liseydə Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan -Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektorunun, Salyan Rayon Heydər Əliyev Mərkəzinin, ETİHİ Salyan Rayon Komitəsinin birgə təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində "Konstitusiyamız və milli dövlətçilik ənənələrimiz" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin dərin hörmət və ehtiram hissi ilə yad edilməsilə başlayıb.
Tədbirdə çıxış edən qonaqlar 12 Noyabr tarixinin xalqımızın dövlətçilik tarixində mühüm yer tutan, müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşdığı əlamətdar bir gün olduğunu vurğulayıblar.
ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova çıxışında qeyd edib ki, Konstitusiyamızın ən mühüm prinsiplərindən biri insan amilinə, onun hüquq və azadlıqlarına verilən yüksək dəyərdir.Çünki güclü dövlət, ilk növbədə, hüquqları qorunan, vətəndaş məsuliyyəti yüksək olan insanlardan formalaşır.
Komitə sədri daha sonra bildirib ki, təhsil sahəsində çalışan insanlar olaraq bizim üzərimizə mühüm vəzifələr düşür. Biz gənc nəslə yalnız bilik verməməli, həm də onlarda vətəndaşlıq mövqeyi, dövlətə sədaqət, qanunlara hörmət, milli - mənəvi dəyərlərə bağlılıq hissləri formalaşdırmalıyıq. Çünki hüquqi dövlətin gələcəyi hüquqlarını və məsuliyyətini dərk edən savadlı, vətənpərvər gənclərdən asılıdır.
Sonda məktəb-liseyin şagirdləri Konstitusiya və milli dövlətçiliklə bağlı fikirlərini bildiriblər.
















