Xəbərlər
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qəbələ rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və ETİHİ Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında veloyürüş keçirilib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən sektor müdiri Arifə Bayramova iştirakçıları salamlayaraq Milli Qurtuluş Gününün xalqımızın tarixində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, gənc nəslin sağlam, vətənpərvər ruhda tərbiyə olunmasında, vətəninə və dövlətinə layiqli vətəndaş kimi formalaşmasında idmanın mühüm rol oynadığını vurğulayaraq yarış iştirakçılarına uğurlar arzulayıb.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycan Velosiped Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində Uşaq-Gənclər İdman-Şahmat Məktəbində velosiped idmanı bölməsi fəaliyyətə başlayıb və bu istiqamətdə şagirdlərin idmana marağının artırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.
Veloyürüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yarışın sonunda fərqlənən iştirakçılar diplomlarla təltif olunublar. Milli Qurtuluş Gününə həsr olunan tədbir gənclərin sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli olub.

























