“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

08/07/2026, 23:11
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının nümayəndələri, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin həyətində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfiyev 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki, Milli Qurtuluş Günü təkcə müasir Azərbaycan tarixinin deyil, bütövlükdə dövlətçilik tariximizin ən əlamətdar və taleyüklü günlərindən biridir. Onun sözlərinə görə, 1993-cü ilin iyununda ölkədə hökm sürən siyasi qarşıdurma, iqtisadi tənəzzül, idarəetmə böhranı və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasını, dövlət quruculuğu prosesinin sürətləndirilməsini və hüquqi, demokratik dövlətin möhkəm təməllərinin formalaşdırılmasını təmin etdi.

Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın bütün sahələrdə yüksəlişinin əsasını təşkil edib. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə güclü iqtisadi baza formalaşıb, beynəlxalq əlaqələr genişlənib, elm və təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirilib. 

Rektor qeyd edib ki, bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq nüfuzu daha da artıb, Vətən müharibəsində qazanılan tarixi zəfər və sonrakı dövrdə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpası müasir Azərbaycanın güclü dövlətə çevrildiyini bütün dünyaya nümayiş etdirib.

Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. O qeyd edib ki, 1993-cü ilin iyununda ölkədə hökm sürən xaos, anarxiya və parçalanma təhlükəsi Azərbaycan dövlətinin mövcudluğunu təhlükə altına salmışdı. Belə şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin xilası, dövlət müstəqilliyinin qorunması və davamlı inkişafının başlanğıcı oldu.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, qanunun aliliyi bərqərar edildi və Azərbaycanın milli maraqlara əsaslanan inkişaf strategiyası müəyyənləşdirildi. Onun sözlərinə görə, həmin dövrdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, iqtisadi inkişafın təməli qoyuldu və müasir Azərbaycan dövlətinin möhkəm əsasları yaradıldı.

Çıxış zamanı bildirilib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq arenada nüfuzunu daha da artırıb, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması Heydər Əliyev siyasi məktəbinin uğurlarının ən parlaq təzahürüdür.

Bəxtiyar Nəbiyev çıxışında gənclərin dövlətçilik ideyalarına sadiq ruhda yetişdirilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, müstəqil Azərbaycanın gələcəyi milli maraqları hər şeydən üstün tutan, yüksək intellektə, vətənpərvərlik ruhuna və müasir dünyagörüşünə malik gənclərdən asılıdır. Bu baxımdan ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür və universitetlər yalnız peşəkar kadr hazırlamaqla kifayətlənməməli, həm də gənclərdə dövlətçilik təfəkkürünü, milli-mənəvi dəyərlərə bağlılığı və Vətənə xidmət məsuliyyətini formalaşdırmalıdır.

Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik dəyərlərinin təbliği istiqamətində səmərəli fəaliyyətinə görə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovaya Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Fəxri Fərmanını təqdim edib. 

Daha sonra 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını və müasir Azərbaycan dövlətinin formalaşmasında göstərdiyi misilsiz xidmətləri əks etdirən sənədli film nümayiş olunub.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: