Xəbərlər
150 nömrəli məktəbdə ilk təşkilat sədri seçilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 150 nömrəli tam orta ümumtəhsil məktəbində ilk təşkilat sədrinin seçkisi keçirilib. Səsvermənin nəticələrinə görə Yeganə Məmmədova səs çoxluğu qazanaraq məktəbin ilk təşkilat sədri seçilib.
Məktəb kollektivinin həmkarlar ittifaqı həyatında xüsusi əhəmiyyət daşıyan bu görüş yüksək fəallıq və seçki həyəcanı ilə yadda qalıb. Namizədin müəyyənləşdirilməsi, səslərin verilməsi və nəticələrin gözlənilməsi anları iştirakçıların prosesə olan marağını daha da artırıb, kollektivdə həmrəylik və məsuliyyət ab-havasını gücləndirib.
İclasda ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, məktəbin direktoru Pərvanə Səfərova, təlim-tərbiyə işləri üzrə direktor müavini Dürdanə Əsgərova, eləcə də məktəbin pedaqoji heyəti və texniki işçiləri iştirak ediblər.
Çıxışında Rövşən İbrahimli həmkarlar ittifaqının əməkdaşların hüquq və qanuni mənafelərinin etibarlı müdafiəçisi, kollektivdə həmrəylik və qarşılıqlı dəstək mühitinin formalaşdırıcısı kimi mühüm rol oynadığını vurğulayıb. O, yeni sədrə göstərilən yüksək etimadı doğrultmaq, üzvlərlə sıx əməkdaşlıq qurmaq və təşkilatın fəaliyyətini daha da möhkəmləndirmək istiqamətində uğurlar arzulayıb.
Məktəbin direktoru Pərvanə Səfərova Yeganə Məmmədovanı təbrik edərək, yeni fəaliyyətində kollektivin dəstəyinin önəmli olduğunu qeyd edib və həmkarlar ittifaqı təşkilatının məktəb həyatında fəal və konstruktiv rolunu davam etdirməsini arzulayıb.
Qeyd edək ki, ilk təşkilatın əvvəlki sədri, məktəbin müəllimi Nazilə Məhərrəmova uzun illər təşkilata rəhbərlik etdikdən sonra əmək fəaliyyətini başa vuraraq pensiyaya çıxıb. Görüşdə Nazilə Məhərrəmovanın həmkarlar ittifaqı təşkilatının inkişafına verdiyi töhfələr minnətdarlıqla xatırlanıb.
Yeni sədr Yeganə Məmmədova ona göstərilən yüksək etimadı doğrultmaq, üzvlərin müraciət və təkliflərini daim diqqətdə saxlamaq, kollektivlə sıx əməkdaşlıq etmək və ilk təşkilatın fəaliyyətini daha da gücləndirmək üçün səylə çalışacağını bildirib.
ETİHİ Yasamal Rayon Komitəsi Yeganə Məmmədovanı ürəkdən təbrik edir və ona yeni, məsuliyyətli fəaliyyətində uğurlar arzulayır!








