Xəbərlər
162 nömrəli körpələr evi-uşaq bağçasında 65 illik yubiley qeyd olunub

Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 162 nömrəli körpələr evi-uşaq bağçasında uzunillik səmərəli fəaliyyəti ilə seçilən müəssisə müdiri Yunusova Maya Sadiq qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirak edərək yubilyarı səmimi qəlbdən təbrik edib, onun təhsil sahəsində göstərdiyi çoxillik xidmətləri, gənc nəslin tərbiyəsindəki əvəzsiz rolunu və peşəkarlığını xüsusi qeyd edib. Bildirilib ki, Maya xanımın rəhbərlik etdiyi müddətdə bağça daim nümunəvi fəaliyyəti ilə seçilmiş, uşaqların sağlam, hərtərəfli inkişafı üçün əlverişli mühit yaradılmışdır.
Rayon Komitəsinin sədri çıxışının sonunda Yunusova Maya Sadiq qızına 65 illik yubileyi münasibətilə Fəxri Fərman, gül dəstəsi və qiymətli hədiyyə təqdim edib, ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıb.
Tədbir çərçivəsində bağçanın kollektivi də yubilyarı ürəkdən təbrik edərək onun yüksək insani keyfiyyətlərindən, işgüzarlığından və qayğıkeş rəhbər kimi fəaliyyətindən bəhs ediblər. Çıxış edənlər Maya xanımın kollektiv arasında qazandığı nüfuzu və hörməti xüsusi vurğulamış, ona ən xoş arzularını çatdırıblar.






