Xəbərlər
17 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz Fest 2026” adlı bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev açaraq Novruz bayramının milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, Həmkarlar İttifaqı Komitəsinin bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirərək, iştirakçıları bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.
Tədbir çərçivəsində tələbə fəalları tərəfindən müxtəlif bədii çıxışlar təqdim olunub, xalq mahnıları ifa edilib, rəqs nömrələri nümayiş etdirilib. Bayramın ənənəvi personajları olan Kosa və Keçəl maraqlı səhnəcikləri ilə tədbirə xüsusi rəng qatıb.
Səhnədə tanınmış ifaçılar Əhməd Mustafayev və “O Səs Azərbaycan” müsabiqəsinin II yer sahibi Məhərrəm İsmayılov çıxış ediblər.
Sonda ADPU THİK sədri Cəmilə Qurbanova tədbirin təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək iştirakçıları səhnəyə dəvət edib və onlara minnətdarlığını ifadə edib.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.


















