Xəbərlər
181 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

6 noyabr 2026-cı il tarixində Bakı şəhəri 181 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi tarixi Zəfərimizin əhəmiyyətinin təbliği, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi olub.
Tədbir ilk olaraq məktəbin həyətində yerləşən Zəfər bulağının açılışı ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidləri Kərimov Mustafa Mais oğlunun və Yusifov Ağaəli Vaqif oğlunun adlarını daşıyan sinif otaqlarının açılış mərasimi keçirilib.
Rəsmi mərasimdən sonra tədbir məktəbin akt zalında davam etdirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bədii hissədə şagirdlər Vətənə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirib, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Nicat Cəlil, məktəbin direktoru Təhmasib Məmiyev və komitənin aparıcı mütəxəssisi Həzərxan Əbilov çıxış ediblər.
Çıxışlarda tarixi Qələbənin Azərbaycan xalqının milli birliyinin, dövlətçilik iradəsinin və Ordumuzun qüdrətinin təntənəsi olduğu vurğulanıb. Şəhidlərimizin qəhrəmanlığının gələcək nəsillər üçün daim örnək olduğu diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Vətən müharibəsi veteranlarına və şəhid ailələrinin üzvlərinə ehtiram əlaməti olaraq qiymətli hədiyyələr təqdim edilib.
Qeyd olunub ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!

















