Xəbərlər
19–20 Sentyabr — Antiterror Əməliyyatı

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatın məqsədi bölgədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ölkənin konstitusiya quruluşunun bərpası idi.
23 saat 43 dəqiqə davam edən tədbirlərdən sonra Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah olunması və döyüş mövqelərindən çıxması barədə razılıq əldə edildi. Sentyabrın 20-də saat 13:00-da hərbi əməliyyatların dayandırıldığı elan olundu.
Azərbaycan Ordusunun qətiyyətli addımı ilə separatçı silahlı dəstələrin zərərsizləşdirilməsi, onların təxribatlarının qarşısının alınması və silah-sursatlarının təhvil verilməsi reallığa çevrildi. Bu əməliyyat nəticəsində Qarabağ ərazisində tam suverenlik təmin olundu. Antiterror tədbirləri bir daha göstərdi ki, dövlətimizin gücü, ordumuzun peşəkarlığı və xalqımızın iradəsi qarşısında heç bir təxribat dayana bilməz. Bu tarixi hadisə gələcək nəsillərə həm ədalətin bərpası, həm də milli birlik nümunəsi kimi ötürüləcəkdir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda tariximizə yazılan mühüm günləri ehtiramla yad edir, Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq.



