Xəbərlər
2 dekabr tarixində Salyan Heydər Əliyev Mərkəzində “Birlikdə ümid qalalarını quraq” adlı tədbir həyata keçirilib.

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə təşkil olunan tədbir Salyan rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində fiziki məhdudiyyətli şəxslərin hazırladığı 100-dən çox əl işi, dekorativ-tətbiqi sənət nümunələri, toxuma, tikmə və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin rəsmisi Sevinc Səmədova, YAP Salyan rayon təşkilatının əməkdaşı Vüqar Ağayev, “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, eləcə də Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil Bayramov fiziki məhdudiyyətli şəxslərə göstərilən dövlət qayğısından bəhs edərək onlara dəstək olmağın vacibliyini vurğulayıblar.
Tədbir Mədəniyyət Mərkəzinin solistlərinin ifasında təqdim olunan musiqi nömrələri ilə davam edib.












