Xəbərlər
2 Fevral — Azərbaycan Gəncləri Günü

2 Fevral — Azərbaycan Gəncləri Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi ölkəmizin bütün gənclərini bu əlamətdar və əhəmiyyətli gün münasibətilə səmimi-qəlbdən təbrik edir.
Gənclər cəmiyyətin aparıcı qüvvəsi olmaqla yanaşı, yeni ideyaların, innovativ düşüncənin və davamlı inkişafın əsas daşıyıcılarıdır. Xətai rayonu təhsil müəssisələrində fəaliyyət göstərən gənc müəllimlər də təhsilin inkişafına mühüm töhfələr verir, ictimai həyatda fəallıq nümayiş etdirir, yüksək peşəkarlıq və daim öz üzərində çalışmağa meyil göstərirlər.
ETİHİ Xətai Rayon Komitəsi gənc müəllimlərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif intellektual, idman və mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu təşəbbüslər gənc müəllimlərin adaptasiyasına, motivasiyasının artırılmasına və həmkar birliyinin möhkəmləndirilməsinə xidmət edir.
Komitə bundan sonra da gənclərin dəstəklənməsi, gənc müəllimlərin sosial-əmək hüquqlarının qorunması və peşəkar fəaliyyətləri üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcəkdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi ittifaqımızın üzvü olan bütün gənclərə möhkəm cansağlığı, peşəkar uğurlar, tükənməz enerji və müstəqil Azərbaycan naminə yeni nailiyyətlər arzulayır.



