Xəbərlər
2 Fevral – Azərbaycan Gəncləri Günü Ağcabədidə qeyd edilib

2 Fevral – Azərbaycan Gəncləri Günü Ağcabədidə qeyd edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün də dövlətin sosialyönümlü inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, gənclərin intellektual potensialının inkişafı, onların bilik və bacarıqlarının artırılması ölkənin insan kapitalının möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbirdə Azərbaycan gənclərinin Vətən sevgisi, milli ruhu və fədakarlığı xüsusi qeyd olunub. Bildirilib ki, gənclərimiz 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqla xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirərək Zəfər salnaməsinə öz imzalarını atıblar.
Görüş zamanı Ağcabədi rayon müəllimlərinin təhsil sahəsində əldə etdikləri uğurlardan söz açılıb. Sertifikasiya imtahanında respublika üzrə yüksək nəticə göstərən müəllimlər nümunə kimi təqdim edilib. M. Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızının 60 bal, Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbin müəllimi Əliyeva Nərgiz Araz qızının 59 bal toplaması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Bu nəticələr yüzlərlə müəllimin əməyinə verilən dəyərin göstəricisi kimi dəyərləndirilib.
Həmkarlar təşkilatının fəal üzvləri olan, bilik və bacarıqları ilə seçilən, vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirən gənc müəllimlərlə keçirilən görüşdə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən hədiyyələr və fəxri fərmanlar təqdim edilib.


















