“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

2 oktyabr – Müəllimlər Günü münasibətilə tədbir

20/10/2025, 10:51
xeber1

Abşeron rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə möhtəşəm tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi, Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.


Aparıcı çıxışında müəllimlik peşəsinin müqəddəsliyini, Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi yüksək qiyməti vurğuladı. Müəllimlərin gənc nəslin tərbiyəsindəki roluna həsr olunmuş şeirlər səsləndirildi.

Daha sonra söz verildi:

Fəxrəddin Eyvazov – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri

Fəxrəddin müəllim tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri peşə bayramı münasibətilə ürəkdən təbrik etdi. O Azərbaycan Həmkarlar İttifaqları Konfederasyasının sədri cənab Sahib Məmmədovun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Konfederasyasının sədri cənab Araz Paşayevin Təbriklərini müəllimlərimizə çatdırdı. Qeyd etdi ki, müəllimlik ən şərəfli və ən ali peşələrdən biridir. Müəllimlərin zəhməti, səbr və fədakarlığı olmadan gənc nəslin təlim-tərbiyəsini, elm və təhsilin inkişafını təsəvvür etmək mümkün deyil. Müəllimlərimiz gələcəyimizin memarlarıdır. Fəxrəddin müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən müəllimlərin sosial rifahının yaxşılaşdırılması, onların əməyinə verilən dəyərin artırılması istiqamətində görülən işlərdən danışdı və müəllimlərə yeni uğurlar arzuladı.

Elşad Novruzov – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədr müşaviri

Elşad müəllim çıxışında müəllimlik peşəsinin əvəzolunmaz və müqəddəs olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, müəllim cəmiyyətin ən hörmətli nümayəndələrindən biridir, çünki onun yetişdirdiyi şagirdlər sabahın alimləri, mühəndisləri, həkimləri və Vətənə xidmət edən igid övladlarıdır. Müəllim daim yeniliklərə açıq olmalı, öz üzərində işləməli və şagirdlərə nümunə göstərməlidir. Elşad müəllim müəllimlər gününün yalnız bir bayram günü deyil, həm də müəllim əməyinə dərin ehtiramın, minnətdarlığın ifadəsi olduğunu vurğuladı. O, bütün müəllimləri təbrik etdi, onlara sağlamlıq, uzun ömür və peşə fəaliyyətlərində uğurlar arzuladı.

Gülnar Rəhimova – Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini

Gülnar xanım çıxışında öncə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı dərin hörmətlə anaraq, xüsusən də müəllimlik peşəsini daşıyan, həm də torpaq uğrunda şəhid olmuş igidlərimizin adını ehtiramla yad etdi. O vurğuladı ki, şəhid müəllimlərimiz həm öz şagirdlərinin, həm də bütün xalqımızın qəlbində əbədi yaşayırlar. Daha sonra Gülnar xanım müəllimlərin fədakar əməyindən danışdı: “Müəllim ömrünü xalqına, millətinə xidmətə həsr edən insandır. Müəllim yalnız bilik öyrətmir, həm də gənc nəslə vətənpərvərlik, insanpərvərlik, milli-mənəvi dəyərlər aşılayır.” O, bütün müəllimləri səmimi qəlbdən təbrik etdi və uğurlar arzuladı.

İlhamə Abdullayeva – Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri

İlhamə xanım çıxışında müəllimlərin təhsil sistemində və cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu diqqətə çatdırdı. O bildirdi ki, hər bir şagirdin gələcək həyatı, düzgün formalaşmış şəxsiyyəti müəllimin zəhməti ilə bağlıdır. Müəllimlərimizin əməyi sayəsində ölkəmizdə savadlı, vətənpərvər, yenilikçi gənclər yetişir. İlhamə xanım təhsil sahəsində son illər həyata keçirilən islahatlardan danışaraq, bu prosesdə müəllimlərin aparıcı qüvvə olduğunu qeyd etdi. O, müəllimlərə daim yenilikləri izləməyi, gənc nəslə sevgi və qayğı ilə yanaşmağı tövsiyə etdi və bütün müəllimləri bayram münasibətilə ürəkdən təbrik etdi.

Onların çıxışlarında müəllimlərin əvəzsiz əməyi yüksək qiymətləndirildi, təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulandı.

Tədbirdə seçilmiş müəllimlərə hədiyyələr və sertifikatlar təqdim olundu. Bu, müəllimlərimizin əməyinə verilən dəyərin bariz nümunəsi oldu.

Tədbir şeirlər və mahnılarla davam etdi, sonda isə iştirakçılar bir daha müəllimlərə minnətdarlıq və ehtiramlarını ifadə etdilər.

Müəllim – millətin sabahını yetişdirən ən ali peşədir. Bu gün də, sabah da müəllim əməyinə dəyər vermək hər birimizin borcudur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: