Xəbərlər
20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə tədbir keçirilib

20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin üzv təşkilatlarında anım tədbirləri keçirilib.
Tədbirlər çərçivəsində 1990-cı ilin 20 Yanvar gecəsində xalqımıza qarşı törədilmiş faciə, azadlıq uğrunda aparılan mübarizə yolu və şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq dərin ehtiramla xatırlanıb.
Ağcabədi rayon 3 nömrəli körpələr evində çalışan şəhid həyat yoldaşı Xuduyeva Samirə Camal qızı və övladları Rəhman və Eyvaz ilə görüş təşkil edilib. Bu ailə 1990-cı ildən bu günədək hərbiçi ailəsi kimi Vətənə sədaqət nümunəsi göstərib.
Ailənin böyüyü Cəfərov Eyvaz 1988–1990-cı illərdə ilk azadlıq carçıları sırasında hərbi vəzifəsini şərəflə yerinə yetirib, müxtəlif bölgələrdə aparılan döyüşlərdə iştirak edib, fəaliyyəti dövlət tərəfindən orden və medallarla qiymətləndirilib. Son əmək fəaliyyəti Ağcabədi Rayon Təhsil Sektorunda hərbi-vətənpərvərlik üzrə metodist vəzifəsi ilə bağlı olub.
Ailənin üç övladı hərbi xidmətdə Vətənin müdafiəsinə xidmət göstərib. Övladlardan Cəfərov Anar Eyvaz oğlu 2020-ci il Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhid Anarın ailəsi ilə görüş ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən mənəvi borc kimi dəyərləndirilib. Şərəfli ömür yolu keçmiş baba, əmilər və qəhrəman atanın böyütdüyü övladlarla görüş hər kəsdə qürur hissi yaradıb. Məktəbli Rəhman və Eyvaz ailələrinin Vətənə sevgi yolunu, torpağa bağlılığı və hərbiçi ənənəsini şərəflə davam etdirəcəklərini böyük inamla ifadə ediblər.






