Xəbərlər
20 Yanvar Şəhidlərinin Xatirəsinə Həsr Olunmuş Voleybol Yarışı Keçirilib

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş voleybol üzrə idman yarışı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Həmkarlar İttifaqı Komitəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.Yarışda ümumilikdə 8 qız və 16 oğlan komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunlar zamanı komandalar arasında yüksək əzmkarlıq, sağlam rəqabət və güclü komanda ruhu nümayiş olunmuşdur.
Tədbirin əsas məqsədi gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi, eyni zamanda milli-mənəvi dəyərlərə və vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ehtiramın gücləndirilməsi olmuşdur.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində tutduğu mühüm yer xüsusi vurğulanmış, şəhidlərimizin xatirəsinin daim uca tutulacağı qeyd edilmişdir. Gənclərin göstərdiyi birlik, fəallıq və məsuliyyət hissi şəhidlərimizin xatirəsinə layiq ehtiram nümunəsi kimi dəyərləndirilib.
Yarışın yekununda I, II və III yerləri tutmuş komandalar medal və diplomlarla təltif olunub, digər iştirakçılara isə xatirə sertifikatları təqdim edilib.
İştirakçılar yaradılan şəraitə,göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və Nizami Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.















