Xəbərlər
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransdan öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.
Tədbir şagirdlərdən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayev, ETİHİ Respublika Komitəsi sədrinin müavinləri Mirzə Cəfərzadə, Turanə Kərimova, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil ictimaiyyəti, təhsil mütəxəssisləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxış ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında təhsilin keyfiyyətinin əsas göstəricisinin şagirdlərin öyrənmə nəticələri olduğunu vurğulayıb. Nazir bildirib ki, təhsil sahəsində qərar və təşəbbüslər tədqiqatlara, məlumatlara və təhlillərə əsaslanmalı, effektiv yanaşmalar ardıcıl və davamlı şəkildə tətbiq edilməlidir. Emin Əmrullayev məktəblərdə məlumatlara əsaslanan idarəetmənin və məktəbdaxili ölçmələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Nazir məktəbə təsir edən amillər sırasında ailə və ətraf mühitin roluna da diqqət çəkib, məktəb–valideyn–icma əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Eyni zamanda tədrisin birbaşa həyata keçirilməsində müəllimin həlledici rolunu qeyd edərək müəllimlərin zəruri metodoloji alət və məlumatlarla dəstəklənməsinin vacibliyini bildirib.
Tədbir çərçivəsində açıq mikrofon formatında müzakirə təşkil olunub, iştirakçıların təklif və fikirləri dinlənilib.
Konfrans bədii hissə ilə yekunlaşıb.










