Xəbərlər
229 nömrəli məktəbdə Zəfər və Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün 229 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə vətənpərvərlik ruhunda tədbir təşkil olunub. Tədbir Azərbaycanın üçrəngli bayrağına və 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərə dərin hörmət və qürur hissi ilə qeyd edilib.
Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov “Zəfərə aparan yol” mövzusunda çıxış edərək, qəhrəman oğul və qızlarımızın fədakarlığı, Ali Baş Komandanın qətiyyəti və xalqın birliyi sayəsində əldə olunan böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb.
Məktəbin hərbi rəhbəri və qazilər Elburus Mikayılov və Elşad Xəlilov keçdikləri döyüş yolundan söz açaraq, azad edilmiş torpaqlarda qazandıqları qürurlu anları şagirdlərlə bölüşüblər. Onların çıxışı məktəblilərdə Vətənə sevgi və qürur hisslərini daha da gücləndirib.
Tədbirdə məktəbin tarix müəllimi İlqar Əliyev və şəhid yoldaşı Əminə Kərimova da çıxış edərək, bu müqəddəs günlər münasibətilə hər kəsi təbrik edib, şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar.
Məktəbin direktoru Vüsalə Məmmədova tədbirin yüksək səviyyədə təşkilinə görə müəllimlər Laləzar, Zülfiyyə, Aynur və Gülər xanımlara təşəkkür edib, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib.
Tədbir zamanı 8-ci və 4-cü sinif şagirdlərinin ifasında səslənən vətənpərvərlik mahnıları və şeirlər auditoriyada duyğulu anlar yaşadıb.
Sonda Sübut Əsədov məktəbin ictimai həyatında fəallığı ilə seçilən kitabxana müdiri Aynur Xəlilovaya Fəxri Fərman və gül dəstəsi təqdim edib, məktəbin kitabxanasına “Tarix yazan təhsil işçiləri” kitabını hədiyyə edib.
Bu cür tədbirlər gələcək nəsillərə vətən sevgisi, birlik və qürur hissi aşılayaraq, Zəfərin əzəli və əbədi olduğunu bir daha göstərir!










