Xəbərlər
229 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yuriy Kovalyovun doğum günü münasibətilə anım tədbiri keçirilmişdir.

Tədbirdə məktəbin 3, 5 və 7-ci sinif şagirdlərinin hazırladıqları maraqlı kompozisiyalar, vətənpərvərlik ruhunda səsləndirilən şeirlər və çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Şagirdlərin ifasında nümayiş olunan ədəbi-bədii nümunələr şəhidin əziz xatirəsinə ehtiramın ifadəsi olmuşdur.
Tədbirdə şəhidin ailə üzvləri, ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov, məktəbin direktoru Vüsalə Məmmədova, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vüsalə Məmmədova Milli Qəhrəman Yuriy Kovalyovun şərəfli həyat və döyüş yolundan bəhs etmiş, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın gənc nəsil üçün örnək olduğunu vurğulamışdır. O, şəhid ailəsinə minnətdarlığını bildirərək belə qəhrəmanların xatirəsinin daim uca tutulacağını qeyd edib.
ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov çıxışında tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq şagirdlərə təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, uşaqların qəhrəmanlarımızı böyük sevgi və ehtiramla yad etməsi vətənpərvər ruhda yetişən gənc nəslin formalaşmasının göstəricisidir. Sübut Əsədov tədbirin təşkilatçıları olan Aynur və Arzu xanımlara da xüsusi təşəkkürünü ifadə edib.
Şəhidin qızı Reqina Kovalyova və qardaşı Vitali Kovalyov çıxış edərək məktəb rəhbərliyinə, müəllim kollektivinə, valideynlərə və tədbirdə iştirak edən qonaqlara göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda ehsan süfrəsi ətrafında şəhidin ailə üzvləri və qonaqlarla birlikdə səmimi görüş keçirilmiş, Yuriy Kovalyovun əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad edilib.











