“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

250 nömrəli tam orta məktəbdə şəhid Zakir Cəfərovun xatirəsi əbədiləşdirilib

29/10/2026, 11:48
xeber1

250 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Zakir Cəfərovun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə məktəbin 5a sinfinə onun adı verilib. Bu münasibətlə, həmçinin ssenari müəllifi və rejissoru Etibar Məmmədov olan “Zakirin essesi” filminin təqdimatı keçirilib.

Tədbirdə şəhid Zakir Cəfərovun gənc yaşlarından nümayiş etdirdiyi vətənpərvərlik və qəhrəmanlıq nümunələrindən, Vətən uğrunda apardığı mübarizədən və şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, şəhidlərin adlarının təhsil müəssisələrində yaşadılması, onların həyat və döyüş yolunun gənc nəslə çatdırılması milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov da iştirak edib. Çıxışında şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin və onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayan Sübut Əsədov qeyd edib ki, Vətən uğrunda canından keçən igidlərimizin həyat yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Onların şücaəti, Vətənə sədaqəti və fədakarlığı heç zaman unudulmamalı, daim təbliğ olunmalıdır.

Komitə sədri şəhidin anası, təhsil işçisi Kəmalə xanıma müraciət edərək, Vətənə sədaqətlə xidmət edən, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən qəhrəman bir övlad yetişdirdiyinə görə ona dərin minnətdarlığını bildirib. O, belə igid övladların yetişməsində ailə tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığın və Vətən sevgisinin mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, şəhid analarına ehtiram göstərmək, onların övladlarının əziz xatirəsini yaşatmaq və göstərdikləri fədakarlığı daim yad etmək hər birimizin mənəvi borcudur.

Sübut Əsədov tədbirin yüksək səviyyədə təşkilinə, şəhidin xatirəsinin yaşadılması istiqamətində göstərdiyi təşəbbüsə və diqqətə görə 250 nömrəli tam orta məktəbin direktoru Gülanə Əliyevaya təşəkkürünü bildirib. O, bu cür tədbirlərin şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, onlarda Vətənə sevgi və şəhidlərimizin qəhrəmanlığına ehtiram hissinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Şəhid Zakir Cəfərovun adının sinfə verilməsi və onun həyat yolundan bəhs edən filmin təqdimatı qəhrəmanımızın xatirəsinin gələcək nəsillərin yaddaşında yaşadılması istiqamətində atılan əlamətdar addımlardandır. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı və əziz xatirəsi daim yaşayacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: