Xəbərlər
26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 53 №li tam orta ümumtəhsil məktəbin konfrans zalında təntənəli tədbir keçirilib. Tədbirdə təhsil müəssisələrində çalışan 19 hərbi müəllim, müharibə iştirakçıları və ittifaq üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca xalqımızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinin İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, Yasamal Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yasamal Rayon Bələdiyyəsinin üzvü, ehtiyatda olan polkovnik, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Bəhram Şeydayev iştirak edərək çıxış edib. O, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından, qazilərimizin və müharibə iştirakçılarının fədakarlığından bəhs edib. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayan natiq, güclü ordunun dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısı olduğunu qeyd edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən və ordumuzun regionun ən güclü ordularından birinə çevrilməsindən danışıblar. Qeyd olunub ki, Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür.
Tədbirdə iştirak edən 19 hərbi müəllimin və müharibə iştirakçılarının gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində gördükləri işlər yüksək qiymətləndirilib. Onların Vətən qarşısındakı xidmətləri və təhsil sahəsindəki fəaliyyəti xüsusi minnətdarlıqla qeyd olunub.
Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbirdə vətənpərvərlik, milli birlik və həmrəylik mövzusunda fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixini, qəhrəmanlıq salnaməsini və tarixi Zəfəri əks etdirən videoçarx nümayiş olunub. Videoçarx iştirakçılar tərəfindən böyük maraqla izlənilib və tədbir yüksək vətənpərvərlik ruhunda başa çatıb.








