Xəbərlər
27 Sentyabr — Anım Günü” tələbələrin yazdığı promptlarla vizuallaşdırıldı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Süni İntellekt Klubu — “AI Club”un təşəbbüsü, Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələrinin iştirakı ilə “27 Sentyabr — Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi günləri xatırlanıb. Müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində gərgin keçən döyüşlərdə düşmənin hərbi birləşmələrini darmadağın etdiyi, nəticədə otuz ilə yaxın davam edən erməni işğalına son qoyulduğu, Vətənimizin ərazi bütövlüyünün təmin edildiyi bildirilib.
Proqramın davamında tələbələrə Google şirkətinin yaratdığı Gemini süni intellekt modeli və promptlardan istifadə qaydaları barədə məlumat verilib. Ardınca onlar öz yazdıqları promptlar əsasında “27 Sentyabr — Anım Günü”nü əks etdirən şəkillər süni intellekt vasitəsilə yaradıblar.
Sonda yaradıcı yanaşması və fəallığı ilə seçilən tələbə qalib elan olunub.






