Xəbərlər
27 Sentyabr – Anım Günü ilə əlaqədar Goranboy rayonunda anım tədbiri keçirilib
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, ümumtəhsil məktəblərinin direktorları, şəhid ailələri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətinin diqqətə çatdırılması, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların qəhrəmanlıq və vətənpərvərlik nümunəsinin gənc nəslə çatdırılması, həmçinin şagird və müəllimlər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin gücləndirilməsidir. Tədbir iştirakçıları Goranboy Şəhidlər Xatirə Kompleksini ziyarət edərək Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər. Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu, Vətən qarşısında göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb. Tədbirin sonunda Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



