Xəbərlər
27 Sentyabr – Anım Günü Şabranda qeyd olundu

27 Sentyabr – Anım Günü münasibətilə Şabran rayonunda Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib. Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub. Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın məzarları önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Ziyarətdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri, bələdiyyə rəhbərləri, Şabran Rayon Təhsil Sektorunun müdiri, təhsil müəssisələrinin direktorları, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu, Vətən torpağının bütövlüyü uğrunda göstərdikləri misilsiz qəhrəmanlığı ehtiramla yad ediblər.
Şəhidlərimizin müqəddəs əmanəti olan Vətən torpağına sədaqət, onların qəhrəmanlıq salnaməsinə ehtiram və əziz xatirələrinin yaşadılması hər birimizin mənəvi borcudur. Onların canı bahasına qorunan azadlığımız və suverenliyimiz xalqımızın qürur mənbəyi, gələcək nəsillər üçün isə əbədi qəhrəmanlıq məktəbidir.
Şəhidlər ölməz, Vətən bölünməz!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!











