Xəbərlər
28 Aprel – Əməyin Mühafizəsi Gününə həsr olunmuş yekun tədbir keçirilib

ETİHİ Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə 28 Aprel – Əməyin Mühafizəsi Günü və “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” mövzusuna həsr olunmuş yekun tədbir keçirilib. Tədbirdə komitənin aparat işçiləri, eləcə də üzv təşkilatların ilk təşkilat sədrləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, xüsusilə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının, həmçinin iş mühitində psixososial amillərin düzgün idarə olunmasının vacibliyini vurğulayıb.
Daha sonra ETİHİ Nəsimi Rayon Komitəsinin mütəxəssisi Pərvanə Əsədova mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Slaydlar əsasında təqdim olunan çıxışda Əməyin Mühafizəsi Gününün əhəmiyyəti və "Sağlam psixososial iş mühitinin yaradılması" başlığına aid bu sahədə həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yolları, eləcə də gələcəkdə atılmalı addımları diqqətə çatdırıb.
Tədbirin davamında 123 saylı və 162 saylı körpələr evi-uşaq bağçalarının ilk təşkilat sədrləri Hacıyeva Gülnarə və Məmmədova Vüsalə çıxış edərək öz təcrübələrini bölüşüb, əməyin mühafizəsi və sağlam iş mühitinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.İştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.
Tədbir qarşıya qoyulan məqsədlərin əhəmiyyətinin bir daha vurğulanması və bu istiqamətdə fəaliyyətin davamlılığının təmin olunmasının vacibliyinin qeyd edilməsi ilə yekunlaşıb.















