Xəbərlər
3 nömrəli İnternat Tipli Xüsusi Ümumtəhsil Məktəbində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 3 nömrəli İnternat Tipli Xüsusi Ümumtəhsil Məktəbində müəllim əməyinə verilən dəyəri və təhsil işçilərinə göstərilən diqqəti əks etdirən tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, müəllim əməyinin cəmiyyətin intellektual və mənəvi inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sübut Əsədov bildirib ki, müəllimlik yalnız biliklərin öyrədilməsi ilə məhdudlaşan bir fəaliyyət deyil. Bu şərəfli peşə eyni zamanda gənc nəslin dünyagörüşünün, düşüncə tərzinin, dəyərlər sisteminin və həyata münasibətinin formalaşmasına mühüm təsir göstərir.
Qeyd olunub ki, müəllimin əməyinin əsl nəticəsi yalnız sinif otağında əldə olunan akademik göstəricilərlə deyil, onun yetişdirdiyi nəslin gələcəkdə cəmiyyətə verdiyi töhfələrlə ölçülür. Müəllimin şagirdə münasibəti, şəxsi nümunəsi, dünyagörüşü və pedaqoji yanaşması onun təhsil yolunda uzunmüddətli iz buraxan mühüm amillərdəndir.
Daha sonra 3 nömrəli İnternat Tipli Xüsusi Ümumtəhsil Məktəbinin direktoru Taryel Əkbərov çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib. O, müəllim əməyinə göstərilən diqqət və qayğıya görə ETİHİ Nizami Rayon Komitəsinə xüsusi təşəkkürünü bildirib.
Tədbirin sonunda müəllimlərin əməyinin qiymətləndirilməsi məqsədilə 400 müəllimə ETİHİ Nizami Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbir müəllim əməyinə ehtiramın, təhsil işçilərinə göstərilən diqqət və qayğının növbəti nümunəsi kimi yadda qalıb.
Bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!








