“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

3 oktyabr tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov 5 Oktyabr – Müəllimlər Günü münasibətilə seçilmiş 20 nəfər müəllimlə görüş keçirib.

20/10/2025, 12:11
xeber1

3 oktyabr tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov 5 Oktyabr – Müəllimlər Günü münasibətilə seçilmiş 20 nəfər müəllimlə görüş keçirib.

Fəxrəddin müəllim tədbir iştirakçılarını salamlayaraq çıxışına belə başlayıb:

“Əziz müəllimlər, hər birinizi peşə bayramınız – 5 Oktyabr Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik elə bir müqəddəs peşədir ki, onun dəyəri zaman keçdikcə daha da böyüyür. Müəllim insan həyatının bütün mərhələlərində yol göstərici, maarifçi və həm də gələcəyin memarıdır. Bu gün gənclərimizin savadlı, vətənpərvər ruhda yetişməsində müəllimlərin əməyini heç nə ilə ölçmək olmaz.”

Fəxrəddin müəllim çıxışında həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədovun, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin müəllimlərə ünvanladıqları təbrikləri çatdıraraq əlavə edib:

“Həmkarlar ittifaqları olaraq hər zaman müəllimlərimizin yanında olmuşuq və bundan sonra da onların sosial rifahı, hüquqlarının qorunması və əməyinin layiqli qiymətləndirilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik.”

Təyyubə müəllimə öz çıxışında müəllimlik peşəsinin məsuliyyət və fədakarlıq tələb etdiyini xüsusi vurğulayıb:

“Biz müəllimlər yalnız bilik vermirik, həm də insan yetişdiririk. Sinif otaqlarında qurduğumuz təməl sabahkı Azərbaycanın dayağıdır. Hər bir şagirdin uğuru müəllimin zəhməti ilə bağlıdır. Mən fəxr edirəm ki, bu müqəddəs peşənin davamçıları sırasında yer almışam və bu gün də müəllim həmkarlarımızın belə yüksək qiymətləndirildiyini görürəm.”

Təyyubə Hüseynova həmkarlar ittifaqlarının bu cür tədbirlər təşkil etməsini müəllim əməyinə verilən böyük dəyər kimi qiymətləndirib və bütün müəllimlərə uzun ömür, yeni uğurlar və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Könül müəllimə öz çıxışında müəllimlərin həm bilik, həm də milli-mənəvi dəyərlərin ötürücüsü olduğunu qeyd edib:

“Azərbaycan müəllimi təkcə dərs deyən deyil, həm də millətin gələcəyini formalaşdıran şəxsiyyətdir. Bu gün şagirdlərimiz elm və biliklə yanaşı, milli kimlik, vətən sevgisi, mənəvi dəyərlərlə böyüyürsə, bunda müəllimlərin zəhməti əvəzsizdir. Həmkarlar ittifaqları olaraq biz hər zaman müəllimlərin yanında olmuşuq və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində işlərimizi davam etdiririk.”

Tədbirin sonunda müəllimlərə güllər, qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub. Bu, müəllimlərin əməyinə verilən xüsusi ehtiramın bariz nümunəsi olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: