Xəbərlər
30 oktyabr – Məşqçilər Günü münasibətilə ETİHİ Nərimanov Rayon Komitəsi üzvlərlə görüş keçirib

30 oktyabr – Məşqçilər Günü münasibətilə ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 258 nömrəli məktəbdə idman müəllimlərimiz və idmana maraq göstərən həmkarlarımızla görüş keçirdik.
Görüşdə ilk təşkilatlarda idmana marağın formalaşdırılmasında, müəllimlərin idman fəaliyyətinə cəlb olunmasında və sağlam rəqabət mühitinin yaradılmasında məşqçilərimizin və idman müəllimlərimizin rolundan danışdıq.
Söhbət zamanı Bolqarıstanın Albena şəhərində keçirilən idman oyunlarında əldə edilmiş uğurlar da xüsusi qeyd olundu. Qürurverici məqam ondan ibarətdir ki, həmin yarışlarda Nərimanov Rayon Komitəsini 4 idmançımız təmsil edib. İnanırıq ki, onların qazandığı təcrübə və uğurlar digər həmkarlarımız üçün də gözəl motivasiya olacaq.
Bakının 2026-cı ildə Dünya İdman Paytaxtı titulunu daşımasının əhəmiyyəti, ölkəmizdə idman sahəsində əldə olunan nailiyyətlər və bu istiqamətdə müəllimlərin fəal iştirakının vacibliyi ətrafında fikir mübadiləsi apardıq.
Görüşdə yeni həmkarlarımızın da iştirak etməsi, fərqli təkliflərin səslənməsi və idmana marağın daha geniş müəllim auditoriyasını əhatə etməsi xüsusilə sevindirici idi.
Bəzən belə görüşlərin ən dəyərli tərəfi müzakirə olunan mövzulardan əlavə, insanları bir-birinə daha da yaxınlaşdırmasıdır. Bu gün də çox səmimi söhbətlərimiz, xatirələrimiz və ortaq maraqlarımız bizi bir az da bir araya gətirdi.
Bütün məşqçilərimizi və idman müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara yeni uğurlar arzulayırıq!





















