Xəbərlər
308 nömrəli tam orta məktəbdə təntənəli müəllimlər günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində növbəti təntənəli görüş komitənin fəaliyyət dairəsinə daxil olan 308 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin rəhbərliyi, məktəb administrasiyası, təcrübəli pedaqoqlar və gənc mütəxəssislər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra bayram ab-havasında davam edən tədbirdə müasir təhsilin çağırışları, şagirdlərlə işin effektiv metodları və müəllim peşəsinin cəmiyyətdə tutduğu mühüm və şərəfli yer ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri müəllim əməyinin məsuliyyətindən bəhs edərək bildirib ki, müəllim hər bir şagirdin gələcək həyat yolunda ilk və ən vacib bələdçisidir. Çıxışda təhsil işçilərinin sosial və əmək hüquqlarının həmkarlar ittifaqı tərəfindən hər zaman etibarlı şəkildə müdafiə olunduğu xüsusi vurğulanıb.
Görüşün davamında təhsil və tərbiyə sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, gənc nəslin yetişməsində müstəsna xidmətləri olan pedaqoqlar Fəxri Fərman və dəyərli xatirə hədiyyələri ilə təltif olunublar.
Məktəb kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, bu qəbil görüşlərin birlik və həmrəyliyi möhkəmləndirmək, eləcə də müəllim əməyinə layiqincə dəyər vermək baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
ETİHİ Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə daxil olan müəssisələrdə Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirləri davam etdirir, bütün təhsil işçilərinə möhkəm cansağlığı və şərəfli peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!






