Xəbərlər
33 illik həsrətdən sonra Kəlbəcərdə səslənən ilk Son zəng.

Bu gün Kəlbəcər təhsil tarixində unudulmaz bir gün yaşanır. 33 illik fasilədən sonra B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və yeganə məzunu olan Nəzrin Atakişiyeva doğma Kəlbəcərdə məktəb həyatını başa vurur. İlk və tək məzun Nəzrin Atakişiyevanın "Son zəng"ə hazırlığı ilə bağlı fikirlərini öyrəndik.
‘’Sinfin yeganə şagirdi olsam da özümü heç vaxt tək hiss etməmişəm. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum. Bu gün təkcə öz uğurumu deyil Kəlbəcərin dirçəlişini və gələcəyinə inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə bu uğur və ad unudulmayacaq. Əslində, çox şanslıyam, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam’’.
Bu sevinc təkcə bir məzunun uğuru deyil, həm də Kəlbəcərin dirçəlişinin, doğma yurda qayıdışın və gələcəyə olan böyük inamın təntənəsidir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi olaraq məzun günü münasibətilə Nəzrin Atakişeyevanın yanında olduq. Gənc məzunumuzu təbrik edərək, gələcək təhsil həyatında uğurlar arzuladıq. Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən məzunumuza bu əlamətdar gün münasibətilə qiymətli hədiyyə təqdim olundu.
Əminik ki, Nəzrinin uğurları Kəlbəcərin gələcək məzunları üçün gözəl nümunə olacaq.
Əziz Nəzrin, yolun açıq, uğurların daim bol olsun!



