“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

33 illik həsrətə son

12/05/2026, 11:47
xeber1

08 may 2026-cı il tarixində Göyçay şəhəri R.Rza adına 1 nömrəli tam orta məktəbdə Azərbaycanın igid oğlu, Şuşa uğrunda döyüşlərin iştirakçısı, Şəhid Abdulla Novruz oğlu Quliyevin əziz xatirəsinə həsr olunmuş möhtəşəm anım tədbiri keçirildi.

Tədbir məktəbin 1986–1987-ci tədris ili məzunu olmuş qəhrəman Şəhidin xatirəsinin yaşadılması məqsədilə Göyçay Məzunlar Birliyi və məktəb rəhbərliyinin birgə təşəbbüsü ilə təşkil olunmuşdu. Anım mərasimində Şəhidin ailə üzvləri, Şəhid valideynləri, müharibə qaziləri, ictimaiyyət nümayəndələri, müəllimlər, məktəblilər və Bakı şəhərindən gəlmiş müxtəlif ictimai təşkilatların təmsilçiləri iştirak edirdilər.

Tədbirdən əvvəl Şəhid Abdulla Quliyevin böyüyüb boya-başa çatdığı evin qapısına üçrəngli Azərbaycan bayrağı sancılmış, evin hasarına onun xatirə lövhəsi vurulmuşdu. Bu mənzərə tədbir iştirakçılarında həm qürur, həm də kövrək duyğular yaratdı.

Məktəbin foyesində Göyçay Məzunlar Birliyi tərəfindən hazırlanmış xüsusi fotostend böyük maraqla qarşılandı. Fotolarda Abdulla Quliyevin uşaqlıq illəri, məktəb həyatı, Şuşa uğrunda döyüş yolu və 33 ildən sonra tapılan nəşinin dəfn mərasimi əks olunmuşdu.

Qeyd edək ki, Abdulla Quliyev 1991-ci ildən etibarən Azərbaycanın Milli Qəhrəmanı Şəhid Ramiz Qəmbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə batalyonunda xidmət etmiş, Şuşanın və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. O, 8 may 1992-ci ildə Şuşanın işğalı zamanı itkin düşmüşdü. Qəhrəman döyüşçünün nəşi yalnız 33 ildən sonra tapılaraq, 2025-ci ildə bacısının arzusu ilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Tədbir çərçivəsində məktəbin sinif otaqlarından birinə Abdulla Quliyevin adı verildi. Otaqda Şəhidin böyük portreti və onun həyat yolunu əks etdirən xüsusi məlumat lövhəsi yerləşdirildi. Həmçinin məktəbin qarşısında bu təhsil ocağının Vətən uğrunda canından keçmiş 5 məzununun şəkillərinin yer aldığı yenilənmiş xatirə lövhəsinin təqdimatı oldu.

Anım mərasimini giriş sözü ilə məktəbin direktoru Sevda Həsənova açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Direktor Sevda Həsənova çıxışında məktəbin öz Şəhid məzunlarının xatirəsini daim yaşatdığını vurğulayaraq bildirdi ki, “Şəhidlər bizim qürurumuz, gələcək nəsillərə örnək olan qəhrəmanlıq məktəbidir.”

Tədbirin aparıcılığını Göyçay Məzunlar Birliyinin sədr müavini Tərlan Qarayev həyata keçirdi.

Daha sonra Birliyin həmsədri Vahid Orucov çıxış edərək təşkilatın Şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihələrdən, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində görülən işlərdən geniş bəhs etdi. O qeyd etdi ki, “Şəhidlərin xatirəsini yaşatmaq sadəcə borc deyil, milli vicdan məsələsidir.”

Çıxışlar arasl məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olundu. Şəhidlərə həsr edilmiş şeirlər, vətənpərvərlik ruhlu mahnılar tədbir iştirakçılarına duyğulu anlar yaşatdı. İbtidai sinif şagirdlərinin ifasında səslənən şeirlər böyük alqışlarla qarşılandı. Zala Azərbaycan bayraqları gətirildi, əsgər marşı səsləndirildi və tədbir coşqulu anlarla davam etdi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Kəmalə Səmədova çıxışında Şəhidlərə göstərilən ehtiramın gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Şəhidin müəlliməsi olmuş Svetlana müəllimə keçmiş şagirdi haqqında qürurla danışaraq onun məktəb illərindən və vətənpərvər xarakterindən xatirələr bölüşdü.

Tədbirdə çıxış edən Şəhid atası Akif Kərimov, Şəhid anası Tahirə Əliyeva xalqımızın Şəhidlərə sonsuz sevgisindən, onların uca məqamından danışaraq duyğulu fikirlər səsləndirdilər.

Bakı şəhərindən tədbirə qatılan "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova itkin Şəhidlərlə bağlı dövlət tərəfindən görülən işlər və ailələrin yaşadığı mənəvi yük haqqında geniş məlumat verdi.

M.Füzuli adına 6 nömrəli tam orta məktəbin direktoru, itkin Şəhid bacısı Yeganə Mehdiyeva çıxışında qeyd etdi ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmur və Şəhidlərin xatirəsi daim yaşayacaq.

Rayonun hörmətli ağsaqqall, Göyçay Məzunlar Birliyinin üzvü Xəlil Orucov milli-mənəvi dəyərlərimizdən, dövlətçilik ruhundan və bayrağa sədaqətdən danışaraq Şəhidlərin millətin şərəf tarixi olduğunu vurğuladı.

Tədbirin ən təsirli çıxışlarından biri isə Şəhid Abdulla Quliyevin bacısı Sevda xanımın çıxışı oldu. O, qardaşı ilə bağlı xatirələrini bölüşərkən zalda kövrək anlar yaşandı. Onun səmimi və qürur dolu nitqi tədbir iştirakçılarını dərindən təsirləndirdi.

Sonda Göyçay Məzunlar Birliyinin həmsədri Vahid Orucov məktəbin direktoru Sevda Həsənovaya ali məktəb tələbələri üçün yazılmış “Azərbaycan Tarixi” kitabını hədiyyə etdi.

Şəhid Abdulla Quliyevin xatirəsinə həsr olunmuş tədbir yüksək səviyyədə təşkil olunaraq böyük mənəvi əhəmiyyət daşıyan bir anım günü kimi yadda qaldı.

Ruhun şad olsun, qəhrəman Şəhidimiz Abdulla Quliyev! Azərbaycan səni unutmayacaq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: