Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərlə görüş keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə İsmayıllı rayonunun İstisu kənd tam orta ümumtəhsil məktəbində müəllimlərlə görüş keçirilib.
Görüşdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Renata Mansurova, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və pedaqoji kollektiv iştirak ediblər.
Görüşdə AHİK və ETİHİ Respublika Komitəsi rəhbərliyinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrikləri müəllimlərə çatdırılıb. Gənc nəslin formalaşmasında, milli- mənəvi dəyərlərin inkişaf etdirilərək qorunmasında müəllim əməyinin mühüm rolu olduğu vurğulanıb.
Görüş zamanı təhsil işçilərinin əmək fəaliyyəti, sosial məsələləri və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. AHİK və ETİHİ Respublika Komitəsinin ittifaq üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, istirahət və müalicəsinin təşkili istiqamətində həyata keçirdiyi tədbirlər , layihələr barədə məlumat verilib.Komitə rəhbərliyinin əsas hədəfi- hər bir ittifaq üzvünün həmkarların qayğısından yararlanması mütləq və əlçatan olmalıdır. İstisu kənd tam orta məktəbi rayonun ən ucqar dağ kənd məktəblərindən biri olmaqla çox əvvəllər tikilmişdir. Hal hazırda məktəb müasir standartlara cavab vermir. Müəllimlər normal şəraitdə işləyə bilmirlər. Kollektiv üzvləri yuxarı orqanların nümayəndələrinin burda olmasını nəzərə alaraq yeni məktəb binasının tikilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılmasını xahiş etdilər. Baxmayaraq ki, müəllimlərin əmək şəraiti layiqincə deyil , onların fədəkarlığı nəticəsində məktəbin tədris göstəricilərinin yaxşı olduğu bildirildi. İbtidai siniflərin monitorinq və buraxılış imtahanlarının nəticələri yüksəkdir. Tədbirdə belə fədəkar müəllimlərdən biri, qabaqcıl ibtidai sinif müəllimi Mehdiyeva Aytən müəllimlərin peşə bayramı münasibətilə fəxri fərman və hədiyyələrlə təltif olundu.Kollektiv üzvləri çay stolu ətrafında səmimi keçən görüşdən məmnun olduqlarını bildirdilər və göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını bildirdilər. Sonda görüş iştirakçıları xatirə şəkilləri çəkdirdilər.








