Xəbərlər
5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin xanım Kərimzadə, Elm və Təhsil İşçiləri həmkarlar komitəsinin baş katibi Pərvanə İsmayılova, ETİHİ Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy və Daşkəsən Rayon Komitələrinin sədrləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil müəssisələrində çalışan şəhid ailəsi üzvləri və digər təhsil işçiləri iştirak ediblər.
Azərbaycan Respublikasınən Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz, əbədi və əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Milli Dram Teatrında təşkil edilən tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və digər rəsmilər müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, bu şərəfli peşənin daşıyıcılarına peşə fəaliyyətində davamlı uğurlar, möhkəm can sağlığı və yeni nəslin yetişdirilməsi yolunda daim ilham və motivasiya arzuladıqlarını bildiriblər.
Tədbirin davamında Respublika üzrə təşkil olunan 4-cü və 6-cı sinif monitorinqlərində həmçinin 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən bir qrup məktəb direktoru və müəllim, Respublika Fənn və Lütfizadə adına riyaziyyat - məntiq olimpiadası, Respublika fənn müsabiqəsi, Ulu öndər Heydər Əliyevin anadan olması münasibətilə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsi, “Qərbi Azərbaycana Qayıdış” olimpiadası və Beynəlxalq STEAM festivalında şagirdləri uğurlu nəticə göstərmiş müəllimlər təltif olunublar.
Tədbir Gəncə şəhər Uşaq-İncəsənət məktəbinin "Xəmsə" nağara ifaçıları ansamblı, Gəncə şəhər İmaməddin Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdləri, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında müxtəlif rəqs nümunələri və kompozisiyaları ilə davam edib.










