Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Zaqatalada tədbirlər keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Zaqatala rayonunun V. Saatov adına Qandax kənd tam orta ümumtəhsil məktəbində və V. Ağasiyev adına Bazar kənd tam orta ümumtəhsil məktəbində tədbirlər təşkil olunub.
Tədbirlər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirləri giriş sözü ilə açan ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, son illərdə dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, həmkarlar ittifaqları sistemində həyata keçirilən məqsədyönlü islahatlardan, ittifaq üzvlərinin məmnunluğunun artırılması istiqamətində görülən işlərdən və Rayon Komitəsinin fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
Daha sonra ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Natiq Zamanov çıxış edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təbriklərini ittifaq üzvlərinə çatdırıb. O, son iki il ərzində həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatlar, görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Tədbirdə çıxış edən ittifaq üzvləri həmkarlar ittifaqı təşkilatları tərəfindən həyata keçirilən işləri yüksək qiymətləndirib, onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə minnətdarlıqlarını bildiriblər.
Tədbirlərin sonunda Qandax kənd tam orta ümumtəhsil məktəbinin sabiq tarix müəllimi Zənfira Məmmədovaya və Bazar kənd tam orta ümumtəhsil məktəbinin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi, Vətən müharibəsi qazisi Nurlan Mazanova hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Zənfira Məmmədova və Nurlan Mazanov göstərilən diqqət və qayğıya görə təşkilat rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
ETİHİ Zaqatala Rayon Komitəsi adından 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun bütün ümumtəhsil müəssisələrində çalışan müəllimləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və şərəfli pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.




























