Xəbərlər
5 Oktyabr – Müəllimlər Günü münasibətilə tədbir

5 Oktyabr – Müəllimlər Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov müəllim əməyinin cəmiyyətin inkişafında xüsusi əhəmiyyət daşıdığını qeyd edib, təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxışında müəllimlərin gənc nəslin yetişdirilməsində mühüm rolunu vurğulayıb, təhsil işçilərinə təşəkkürünü çatdırıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova müəllimlərin təhsil sahəsindəki fəaliyyətindən bəhs edib, onların əməyinin qiymətləndirilməsinin əhəmiyyətini qeyd edərək təhsil işçilərini təbrik edib.
Tədbir çərçivəsində 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən təhsil işçiləri təltif olunublar.
Tədbirin bədii hissəsində şagirdlərin iştirakı ilə rəqs və musiqi nömrələri təqdim olunub. İştirakçıların maraqla izlədiyi bədii proqram tədbirə xüsusi rəng qatıb.
Sonda bütün təhsil işçilərini, müəllimləri və pedaqoji fəaliyyət göstərən hər bir şəxsi peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətlərində davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq. Gənc nəslin təlim-tərbiyəsində, onların bilikli, savadlı və vətənpərvər şəxsiyyət kimi formalaşmasında göstərdiyiniz fədakar əməyə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk. Müəllimlik kimi şərəfli və məsuliyyətli peşənin uca dəyərini qoruyaraq gələcək nəsillərin inkişafına verdiyiniz töhfələr daim yüksək qiymətləndirilsin.






















