Xəbərlər
54 nömrəli tam orta məktəbdə AHİK+ platformasının təqdimatı keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbdə AHİK+ platformasının təqdimatı keçirilib.
Təqdimatda ETİHİ Respublika Komitəsinin əməkdaşı aparıcı məsləhətçi Fərid Cəfəri,ETİHİ Nəsimi Rayon Komitəsinin əməkdaşları Rəhimova Yeganə və Əsədova Pərvanə, eləcə də məktəbin rəhbərliyi və həmkarlar ittifaqı üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Pərvin Ağasiyev qonaqları salamlayaraq,belə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb.O, AHİK+ platformasının həmkarlar ittifaqı üzvlərinin məlumatlandırılması,xidmətlərdən daha rahat və operativ şəkildə yararlanması baxımından əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib.
Daha sonra çıxış edən ETİHİ Nəsimi Rayon Komitəsinin əməkdaşı Yeganə Rəhimova Həmkarlar İttifaqının fəaliyyət istiqamətləri, üzvlərin hüquq və mənafelərinin müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, həmçinin AHİK+ platformasının yaradılma məqsədi, üzvlər üçün təqdim etdiyi imkanlar və tətbiqin gündəlik istifadədə yaratdığı üstünlüklər haqqında danışıb.
Təqdimatın davamında ETİHİ Respublika Komitəsinin əməkdaşı Fərid Cəfəri AHİK+ platformasının funksional imkanları, qeydiyyat prosesi və tətbiqdən istifadə qaydaları barədə ətraflı məlumat verib. O, iştirakçılara platformanın müxtəlif xidmətlərindən yararlanma yollarını izah edib, tətbiqin həmkarlar ittifaqı üzvləri ilə təşkilat arasında operativ əlaqənin qurulmasında, məlumatların əlçatanlığının təmin edilməsində və xidmət keyfiyyətinin yüksəldilməsində rolunu diqqətə çatdırıb.
Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, platformadan istifadə ilə bağlı praktiki izahlar verilib.
Təqdimatın əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin AHİK+platformasının imkanları barədə məlumatlandırılması,rəqəmsal xidmətlərdən istifadənin təşviqi və üzvlərə göstərilən xidmətlərin daha əlçatan olmasının təmin edilməsidir.




















