Xəbərlər
600-dən çox bal toplayan məzunlarla görüş

Yevlaxda Yevlax Şəhər İcra Hakimiyyəti ,Mərkəzi Aran Regional Təhsil İdarəsi ,Yevlax rayonu üzrə Təhsil Sektoru ,Elm və Təhsil İşçiləri Həmlarlar İttifaqı Yevlax Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinə 600-dən yüksək bal toplayaraq qəbul olan məzunlarla görüş keçirilib.
Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 372 nəfəri ali məktəblərə qəbul olub. Gənclərdən 15 nəfər 600-dən yuxarı, 40 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam etdirilən görüşdə İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.
Sonra çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov ali məktəbə qəbul imtahanlarında yüksək bal toplamış məzunları təbrik edib, onlara gələcək tələbə həyatlarında və karyera yollarında uğurlar arzulayıb.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan məzunlara Fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Yevlax şəhər Ş.Qurbanov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Məcnunova Zinyət Həsən qızı 668 balla rayon üzrə ən yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisasına daxil olub.





