Xəbərlər
626 balla MDU-ya qəbul olunan tələbə ilə görüş keçirilib

26 avqust 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına 626 balla qəbul olunan İsmayılova Aysu İbrahim qızı və onun valideynləri ilə görüş keçirilib.
Görüş zamanı Aysu İsmayılova yüksək nəticə göstərərək MDU-nun tələbəsi olması münasibətilə təbrik edilib, ona yeni tədris ilində uğurlar arzulanıb. Qeyd olunub ki, yüksək qəbul balı onun bilik və potensialının göstəricisi olmaqla yanaşı, qarşıdakı universitet həyatında daha böyük uğurlar üçün mühüm başlanğıcdır.
Aysu İsmayılovanın məhz müəllimlik ixtisasını seçməsi xüsusi vurğulanıb. Gələcəkdə onun öz peşəsinə sevgi ilə yanaşan, müasir bilik və bacarıqlara yiyələnən, şagirdlərinin inkişafına töhfə verən nümunəvi müəllim kimi formalaşmasının vacibliyi qeyd olunub.
Görüşdə tələbələrin yalnız akademik biliklər əldə etməsi deyil, eyni zamanda elmi, sosial, mədəni və ictimai fəaliyyətlərdə fəal iştirak etməsi üçün yaradılan imkanlardan bəhs olunub. Aysu İsmayılova universitet həyatında fəal olmağa, özünü müxtəlif istiqamətlərdə inkişaf etdirməyə və yaradılan imkanlardan səmərəli yararlanmağa dəvət edilib.
Aysu İsmayılova göstərilən diqqətə görə təşəkkürünü bildirərək MDU-nun tələbəsi olmaqdan məmnunluğunu ifadə edib. O, universitetdə yüksək nəticələr əldə etmək, ixtisası üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirmək və tələbə həyatında fəal iştirak etmək əzmini bildirib.
Görüşdə Aysunun valideynləri də övladlarının yüksək nəticə göstərməsindən və MDU-ya qəbulundan məmnunluqlarını ifadə edərək göstərilən diqqət və səmimi münasibətə görə təşəkkürlərini bildiriblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Dövlət Universiteti Komitəsi olaraq gənclərin uğurlarının dəstəklənməsini və onların ali təhsil həyatında inkişafına töhfə verən təşəbbüslərin təşviqini əhəmiyyətli hesab edirik.
626 balla MDU ailəsinə qoşulan Aysu İsmayılovaya tələbəlik həyatında uğurlar, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq!




