Xəbərlər
65 ilin ziyalı ömrü

Azərbaycan dili və ədəbiyyat müəllimi təkcə fənn öyrədən pedaqoq deyil, həm də şagirdlərin nitq mədəniyyətini formalaşdıran, onları milli-mənəvi dəyərlərə bağlayan, sözün qüdrətini sevdirən bir ziyalıdır. Bu müqəddəs missiyanı illərdir layiqincə yerinə yetirənlərdən biri də Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kalbalıyeva Rəhilə Nüsrət qızıdır.
Rəhilə müəllimənin 65 illik yubileyi münasibətilə keçirilən görüşdə onun uzunmüddətli pedaqoji fəaliyyəti, zəngin təcrübəsi, yüksək peşəkarlığı və şagirdlərə aşıladığı ədəbi-estetik dəyərlər xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, o, dərslərində yalnız proqram materialını deyil, həm də vətənpərvərlik ruhunu, ədəbiyyata sevgi və ana dilinə hörməti böyük ustalıqla aşılayır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi olaraq Rəhilə müəlliməni 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni uğurlar və ailə xoşbəxtliyi arzulayırıq.
Tədbirin sonunda yubilyara gül dəstəsi, təşəkkürnamə və qiymətli hədiyyə təqdim edilmişdir.







