Xəbərlər
65 illik ömür yolu

Göyçay şəhəri Vüqar Əliyev adına 8 nömrəli ümumi orta ümumtəhsil məktəbində dəyərli pedaqoqlar – Xalidə Osmanova və Afaq Əkbərovanın 65 illik yubileyləri münasibətilə səmimi və yadda qalan tədbir keçirildi.
Tədbir ilk olaraq yubilyarların təbriki ilə başladı. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsi adından hər iki müəlliməyə uzun ömür, möhkəm can sağlığı və gələcək həyatlarında uğurlar arzulanaraq onların təhsil sahəsindəki zəhməti yüksək qiymətləndirildi.
Daha sonra çıxışlar oldu. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Kəmalə Səmədova çıxış edərək yubilyarların uzunillik pedaqoji fəaliyyətindən, kollektiv arasında qazandıqları hörmətdən danışdı. Məktəb rəhbərliyi də çıxış edərək hər iki müəlliməyə təşəkkürünü bildirdi, onların məktəbin inkişafındakı rolunu xüsusi vurğuladı.
Tədbirin davamında müəllimlər və həmkarlar tərəfindən səmimi fikir mübadiləsi aparıldı. Həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı suallar səsləndirildi, qarşılıqlı müzakirələr aparıldı və verilən suallar ətraflı şəkildə cavablandırıldı. Müəllimlər yubilyarlara öz xoş arzularını çatdıraraq minnətdarlıqlarını ifadə etdilər.
Sonda kollektivlə birlikdə xatirə şəkilləri çəkildi və xoş anlar paylaşıldı.
Belə dəyərli müəllimlərin əməyinin qiymətləndirilməsi hər zaman xüsusi əhəmiyyət daşıyır. Xalidə müəllimə və Afaq müəlliməyə bir daha möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzulayırıq.










