Xəbərlər
65 illik ömür yolu

Göyçay rayonu Ləkçılpaq kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzunillik səmərəli pedaqoji fəaliyyəti ilə seçilən müəllimlər – İbrahimova Xatirə, Babayeva Yeganə və Bədəlov Yaşarın 65 illik yubileyləri münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova, məktəbin rəhbərliyi, pedaqoji kollektiv, təhsil ictimaiyyətinin nümayəndələri və yubilyarların yaxınları iştirak ediblər.
Çıxış edənlər yubilyar müəllimlərin uzun illər ərzində təhsil sahəsində göstərdikləri fədakar xidmətlərdən, gənc nəslin yetişdirilməsindəki əvəzsiz əməyindən və peşəkarlıqlarından bəhs edərək onlara səmimi təbriklərini çatdırıblar. Bildirilib ki, onların zəngin pedaqoji fəaliyyəti gənc müəllimlər üçün hər zaman nümunə olub.
Tədbir çərçivəsində yubilyarlara ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub. Səmimi və xoş ovqat şəraitində keçən görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
ETİHİ Göyçay Rayon Komitəsi yubilyar müəllimləri bir daha təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatlarında yeni uğurlar arzulayır.






