Xəbərlər
65 illik yubiley

Göyçay rayon Üngütlü kənd Niyaz Həsənov adına ümumi orta məktəbdə təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətləri ilə fərqlənən müəllimlərdən –
Ələkbərov Fərhad Cəfərqulu oğlu,
Əliyeva Aidə İsgəndər qızı və
Əliyev Məzahir Abı oğlunun 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi.
Tədbiri məktəbin direktoru İbrahimova İlahə açaraq yubilyar müəllimlərin hər birinin təhsil müəssisəsinin inkişafındakı mühüm rolundan, pedaqoji fəaliyyətlərindəki fədakarlıqlarından və kollektiv daxilində qazandıqları nüfuzdan danışdı. Vurğulandı ki, bu müəllimlər uzun illərdir öz dərin bilik və həyat təcrübələrini pedaqoji prosesə yönəldərək, məktəbdə sağlam tədris və əmək mühitinin formalaşmasına böyük töhfələr veriblər.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Kəmalə Səmədova da iştirak etdi. O, yubilyar müəllimləri təbrik edərək, onların pedaqoji fəaliyyətlərini yüksək qiymətləndirdi. Kəmalə xanım çıxışında bildirdi ki, bu cür tədbirlər müəllim əməyinə verilən dəyərin bariz nümunəsidir və pedaqoqların cəmiyyət üçün daşıdığı əhəmiyyətin bir daha vurğulanmasına xidmət edir.
ATİAHİ Göyçay rayon komitəsi tərəfindən hər üç müəllimə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olundu.
Tədbirdə məktəbin müəllim kollektivi də iştirak edərək yubilyar həmkarlarını təbrik etdi, onlarla bağlı səmimi xatirələrini bölüşdü, gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı.
Bu tədbir yalnız yubilyar müəllimlərə deyil, ümumilikdə müəllimlik peşəsinə olan hörmətin, ehtiramın və diqqətin təcəssümüdür. Peşəsinə sədaqətlə xidmət etmiş ziyalıların belə dəyərləndirilməsi nümunəvi bir yanaşmadır və davamlı olaraq təhsil mühitində ruh yüksəkliyi yaradır.





