Xəbərlər
65 illik yubiley

Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər pedaqoji fəaliyyəti ilə seçilən dəyərli müəllimlər — Məmmədova Şəfaqət Veysəl, Mahmudova Fəridə Sarvan, Həmidova Sahibə Cəfərqulu və Qazıyeva Məlahət Ağəlinin 65 illik yubiley münasibətilə tədbir keçirildi.
Tədbirdə məktəbin pedaqoji kollektivi iştirak edirdi. İlk olaraq çıxış üçün söz məktəbin direktoru Sevda xanıma verildi. Sevda xanım yubilyar müəllimlərin təhsil sahəsindəki uzunillik xidmətlərindən, məktəbin inkişafındakı əməklərindən bəhs edərək onlara möhkəm can sağlığı və xoş günlər arzuladı.
Daha sonra ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova çıxış edərək yubilyar müəllimləri təbrik etdi, onların gənc nəslin formalaşmasındakı rolunu yüksək qiymətləndirdi. Çıxış zamanı müəllim əməyinin hər zaman cəmiyyət üçün müqəddəs və dəyərli olduğu vurğulandı.
Sonda yubilyarlara ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən təşəkkürnamə, gül dəstələri və mükafat təqdim olundu. Tədbir səmimi və xoş ovqatda kollektivin iştirakı ilə davam etdi.
Dəyərli müəllimlərimizə uzun ömür, sağlamlıq və yeni uğurlar arzulayırıq!




