Xəbərlər
65 illik yubiley: Əminə Həşimovaya xoş arzular çatdırılıb

Göyçay şəhəri Məhəmməd Füzuli adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər pedaqoji fəaliyyət göstərən, ibtidai sinif müəllimi Həşimova Əminə Sədiyar qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Kəmalə Səmədova iştirak edib.
Çıxışlarda Əminə Həşimovanın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, ibtidai sinif şagirdlərinin təlim-tərbiyəsindəki əməyindən və pedaqoji kollektivdə qazandığı hörmətdən bəhs olunub. Qeyd edilib ki, müəllimlik yalnız bilik vermək deyil, eyni zamanda gələcək nəsillərin formalaşmasına töhfə vermək kimi böyük məsuliyyətdir.
Kəmalə Səmədova yubilyarı 65 illik ömrünün əlamətdar günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Müəllimin təhsil sahəsindəki əməyinin yüksək qiymətləndirildiyi vurğulanıb.
Səmimi şəraitdə keçən görüşdə Əminə Həşimovaya xoş arzular çatdırılıb, onun bundan sonrakı həyatında da sağlamlıq və firavanlıq içində yaşaması dilənib.
65 illik yubileyiniz mübarək, dəyərli müəllim!





